“Neftçi”nin kapitanı: “Açığı, ora-bura getməkdən yorulmuşam”

14:20 Müsahibə 69
“Neftçi”nin kapitanı: “Açığı, ora-bura getməkdən yorulmuşam”

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin kapitanı Emin Mahmudov dünən Misli Premyer Liqasının 11-ci turunda “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra sualları cavablandırıb.

- Qələbəni necə şərh edərdiniz?

- Ağır oyun keçdi. Bizim üçün əsas olan qələbə idi, onu da qazandıq. İndiki məqamda 3 xal önəmlidir.

- Artıq iki turdur liderliyi ələ keçirmisiniz...

- Təbii ki, çempionatın lideri olmaq xoşdur. Amma dayanmaq olmaz, bu tempdə də davam etməliyik. Qarşıda yenə çətin oyunlarımız olacaq.

- Ardıcıl 3 çətin oyunda “Sabah”, “Qarabağ” və “Turan Tovuz”a uduzmadınız. Bu nəticəni qənaətbəxş saymaq olar?

- Əslində çalışırıq bütün oyunlarda qələbə qazanaq. İddialılara uduzmamaq da pis deyil. Amma ən azından “Qarabağ”la oyunda qələbə qazanmağa çox yaxın idik. Təəssüf ki, sonda 3 xalı əldən verdik.

- Ümumilikdə ilk dövrəni “Neftçi” üçün necə dəyərləndirirsiniz?

- Birinci yerdəyiksə, deməli, hər şey yaxşıdır. Bu cür də davam etməliyik.

- Mili komandadakı karyeranızı başa vurursunuz. Necə oldu ki, belə qərar qəbul etdiniz?

- Açığı, bir az ora-bura getməkdən yorulmuşam. Apreldə 35 yaşım tamam olacaq. Ona görə düşündüm ki, vaxtında getmək yaxşıdır, nəinki sonradan dəvət almamaq. Qürur duyuram ki millidə 65 oyun keçirmişəm, kapitan olmuşam. İndi daha çox “Neftçi”yə fikir verəcəm. Həm də uşaqlarıma vaxt ayıracağam.

- Yəqin ki, Andorraya qarşı son oyunda qol vurmaq istərdiniz...

- Baş məşqçi hansı oyunda şans versə, hər zamankı kimi əlimdən gələnin maksimumunu edəcəm. Həmişə komandaya kömək olmağa çalışmışam.

- Millini bombardir kimi tərk etmək necə hissdir?

- Əlbəttə, bu nəticə ilə başa vurmaq fəxrdir. Ümumilikdə millidə oynamaq qürurvericidir. Şadam ki, millinin heyətində böyük komandalara qarşı oynamaq şansı qazandım.

- Qeyd etdiniz ki, martda 35 yaşım tamam olacaq. Lakin müxtəlif millilərdə sizdən yaşca böyüklər hələ də forma geyir...

- Messi də, Ronaldo da, hamımız biryerdə bitiririk (gülür).

- Bu qərar barədə nə vaxtdan düşünürdünüz?

- Bir aydan çoxdur bu barədə düşünürdüm. AFFA ilə danışdıq. Onlar da qərarımı anlayışla qarşıladılar.

- Millidəki karyeranızı tək sözlə necə ifadə edə bilərsiniz?

- Qürur.

- Ən unudulmaz oyununuz hansı oldu?

- Məncə, çoxları bilir ki, bu, İsveçlə matçdır. Həmin görüşdə həm güclü rəqib üzərində böyük hesablı qələbə qazandıq, həm də baxımlı qola imza atdım. O qol heç vaxt yaddan çıxmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti