“Sumqayıt”ın mərkəz müdafiəçisi İsa Süliman Premyer Liqamızın səviyyəli legionerlərindən biridir.
Pakistanlı futbolçu həm intizamlı oyunu, həm də meydanda və meydandan kənarda peşəkar davranışları ilə diqqət çəkir.
Bu cür futbolçuların çempionatımızda çıxış etməsi yerli gənclərin inkişafına da müsbət təsir göstərə bilər. Onlar gənc futbolçular üçün nümunədir.
Sevindirici haldır ki, “Sumqayıt” da İsa Sülimaninin müsbət keyfiyyətlərindən təkcə meydanda deyil, meydandan kənarda da faydalanmağa çalışır.
Bu mövsüm komandanın müdafiəsinin dayaqlarından biri olan və kapitan sarğısını daşıyan pakistanlı futbolçu bir neçə gün əvvəl akademiyanın U-15 komandasının məşqinə qatılıb.
O, gənc futbolçularla təcrübəsini bölüşüb, məşq prosesində iştirak edərək futbolun incəliklərini onlara əyani şəkildə göstərib.
Gənclərin inkişafı üçün məhz belə təşəbbüslərin böyük əhəmiyyəti var.
Çünki akademiya futbolçuları peşəkarların təcrübəsindən yararlanmaq, onların yanaşmasını yaxından görmək imkanı qazanırlar.
İstərdik ki, təkcə “Sumqayıt” deyil, Premyer Liqamızın digər klubları da heyətlərindəki səviyyəli legionerlərin təcrübəsindən bu cür faydalansınlar.
Bu, həm yerli futbolçuların inkişafına, həm də akademiyalarla əsas komandalar arasında əlaqələrin güclənməsinə töhfə verə bilər.
XANOĞLAN/ SPORTİNFO.AZ
