Ayxan Abbasov üçün Binədə boş keçən 90 DƏQİQƏ

Ayxan Abbasov üçün Binədə boş keçən 90 DƏQİQƏ

Birinci Liqanın mərkəzi oyunu “Şahdağ Qusar”la “Səbail” arasında keçirildi. Qarşılaşmanı izləyənlər arasında Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov da var idi.

İlk baxışdan təqdirəlayiq mənzərədir. Milli komandanın baş məşqçisinin aşağı liqaların oyunlarını da diqqətdə saxlaması, stadionlara gedərək futbolçuları canlı izləməsi müsbət haldır. Əvvəlki illərdə milli komandaya rəhbərlik edən əcnəbi mütəxəssisləri bəzən Premyer Liqa oyunlarında belə görmək çətin idi. İndi isə yerli məşqçi Birinci Liqanın qarşılaşmasına da gedir, futbolçuların durumunu yerində qiymətləndirməyə çalışır. Bu baxımdan Ayxan Abbasovun addımını alqışlamaq lazımdır.

Ancaq Binə stadionunda keçirilən 90 dəqiqə başqa suallar da doğurdu. Aşağı temp, zəif sürət, texniki səhvlər, keyfiyyətsiz hücumlar...

Çempionluğa iddialı iki komandanın qarşılaşmasında belə mənzərə ilə üzləşdik. Bəs milli komandanın baş məşqçisi belə oyunda nə tapa bildi? Onun diqqətini çəkəcək, milliyə namizəd kimi nəzərdən keçirəcəyi hansı futbolçu oldumu?

Çətin...

Açığı, həmin 90 dəqiqənin Ayxan Abbasov üçün vaxt itkisindən başqa bir şey olmadığını düşünürəm.

Meydandakı futbolçulardan kiminsə yaxın gələcəkdə Azərbaycan millisinin formasını geyinmək ehtimalı, məncə, sıfıra yaxındır. Problem təkcə ayrı-ayrı futbolçularda deyil. Əsas məsələ Birinci Liqanın ümumi səviyyəsi, oyun keyfiyyəti və futbolçuların hazırlıq durumudur.

Liqanın ən vacib qarşılaşması süni örtüklü, cəmi 600 nəfər tutumu olan, kənardan kənd stadionunu xatırladan, ən yaxşı halda peşəkar klubun məşq meydançası üçün yararlı olan Binə qəsəbə stadionunda keçirilməli deyil axı.

Belə bir mənzərədə hətta müəyyən potensialı olan oyunçuların da özlərini göstərməsi çətinləşir.

Əminəm ki, Ayxan Abbasov da final fitindən sonra stadionu tərk edərkən başını tutaraq öz-özünə bu sualı verirdi - Bu nə işdir mən düşmüşəm?

Bu olanlar bir daha göstərdi ki, milli komandaya futbolçu axtarışından əvvəl aşağı liqalardakı futbolun keyfiyyətini yüksəltmək barədə düşünmək lazımdır. Çünki meydanda rəqabət, sürət və keyfiyyət yoxdursa, istedadı üzə çıxarmaq da asan deyil.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti