Ukrayna Premyer Liqasında 10-cu turun oyunu keçirilir.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Bukovina" öz meydanında "Krivbas"ı qəbul edib.
Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb və "Bukovina" 9 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Dadaşov zədəli olduğu üçün bu görüşün iştirak ərizəsində yer almayıb. O, bir həftədən artıqdır Bakıdadır. Forvard bu gün MRT müayinəsindən keçəcək.
Məhz bundan sonra bəlli olacaq ki, onun zədəsi nə yerdədir.
Hər şey bundan asılıdır – sağalma prosesi həkimləri qane edərsə, səbəbkar sabah Ukraynanın yolunu tutacaq. Əks halda, daha bir neçə gün burada qalacaq.
Ayyarım öncə “Bukovina” ilə müqavilə bağlamış 27 yaşlı ön xətt oyunçusu UEFA Millətlər Liqasının üçüncü turunda Litvaya qarşı oyunda (1:0) xəsarət alıb.
Bakdakı matçın ikinci yarısında zədələnən Dadaşovda budun ön hissəsində əzələ yırtığı aşkarlanıb. Hücumçunun yaşıl meydanlara dönüşü 1 aya qədər də uzana bilər.
Bu isə o deməkdir ki, Dadaşov noyabrın sonu və ya dekabrın əvvəlinədək sağalmasını gözləməlidir.
Başqa sözlə, həm Ukrayna klubunun qarşıdakı bir neçə oyununu, həm də Azərbaycan millisinin noyabrda Lixtenşteynlə rəsmi, Andorra ilə yoxlama matçlarını buraxa bilər.
Həkimlər Bakıdakı xəstəxanaların birində müayinə etdikləri Renatı əməliyat otağına qaldırmağa lüzum görməyiblər.
Hər halda bu proses AFFA-nın diqqət mərkəzindədir. “Bukovina”nın isə hazırda belə tibbi imkanı yoxdur.
Ukraynalılar Dadaşova onu lazım səviyyədə müalicə edə bilməyəcəklərini söyləyib. O da AFFA ilə əlaqə saxlayaraq, kömək istəyib.
Federasiya da belədə bütün xərcləri üzərinə götürüb və Bakıya qayıdışını təmin eləyib.
Yığmamız noyabrın 13-də Millətlər Liqası çərçivəsində Lixtenşteynlə, 3 gün sonra isə yoldaşlıq görüşündə Andorra ilə qarşılaşacaq.
SPORTİNFO.AZ
