“Qarabağ” 25 aydır uda bilmir - Bundan gözəl fürsət?

16:55 Qarabağ 233
“Qarabağ” 25 aydır uda bilmir - Bundan gözəl fürsət?

Həftələrdir səbirsizliklə gözlədiyimiz qarşılaşma nəhayət, baş tutur.

Oktyabrın 25-də Misli Premyer Liqasının 9-cu turu çərçivəsində son çempion “Sabah” çempionluq uğrunda əsas rəqiblərindən biri olan “Qarabağ”ı qəbul edəcək.

Son iki mövsümdə bu komandalar arasında həm çempionluq, həm də kubok uğrunda amansız mübarizə gedir.

Mümkün dörd tituldan üçünü “Sabah” qazanıb. Masazır təmsilçisi ardıcıl iki il Azərbaycan kubokunun sahibi olub, 2025/26 mövsümündə isə Premyer Liqanın qalibi adını qazanıb.

İndi isə tərəflər növbəti prinsipial dueldə üz-üzə gələcəklər. Üstəlik, bu qarşılaşma təkcə nüfuz və prinsip məsələsi deyil. Matçın nəticəsi çempionluq yarışının gedişinə də ciddi təsir göstərə bilər.

Avrokubok yükü “Sabah”a mane olacaq?

Hazırda “Sabah”ın qarşısında əlavə çətinlik var. Paytaxt təmsilçisi Çempionlar Liqasında mübarizə aparır və sıx oyun qrafiki komandanın fiziki durumuna təsirsiz ötüşməyə bilər.

“Tələbələr” bir həftə ərzində “Slaviya Praqa” ilə qarşılaşıb, ardınca Qəbələyə səfər edib, çərşənbə axşamı isə “Borussiya Dortmund”la görüşə çıxıb. Bu cür sıx qrafikdə “Qarabağ”la prinsipial duelin də araya girməsi baş məşqçi Valdas Dambrauskas üçün əlavə başağrısı, futbolçular üçün ciddi yükdür.

“Qarabağ” da ayağını ayağının üstübə qoymayıb. Ötən həftə “Neftçi” ilə ağır dueldən çıxıb. Ağdamlılar da asan qrafiklə üzləşməsə də, rəqibinin avrokubok yükündən müəyyən mənada yararlana bilər.

25 aydır “Sabah”a qalib gələ bilmirlər

Statistikaya nəzər salanda rəqəmlər “Qarabağ”ın əleyhinə “danışır”.

Ağdam təmsilçisi prinsipial rəqibini sonuncu dəfə 2024-cü il sentyabrın 29-da məğlub edib. Həmin qarşılaşmada “Qarabağ” 3:2 hesablı qələbəyə sevinib. O vaxtdan bəri 25 ay keçib və “köhlən atlar” “Sabah” üzərində qələbə qazana bilməyib.

Bu müddətdə komandalar Premyer Liqada 6 dəfə üz-üzə gəliblər. Həmin görüşlərin 4-ündə heç-heçə qeydə alınıb, 2 matçda “Sabah” rəqibini üstələyib.

Bu müddətdə Azərbaycan kubokunda baş tutan 3 qarşılaşmada da üstünlük “şəhrayı-qaralar”ın tərəfində olub. “Sabah” 2024/25 mövsümünün finalında “Qarabağ”ı məğlub edərək kuboku qazanıb. 2025/26 mövsümünün yarımfinalında isə bir görüş heç-heçə başa çatıb, digər matçda “Sabah” üstün olub.

Beləliklə, son 25 ayda bu komandalar arasında keçirilən 9 qarşılaşmada “Qarabağ” qələbə üzünə həsrət qalıb – 4 məğlubiyyət, 5 bərabərlik.

Liderlik uğrunda həlledici duel

Turnir cədvəlindəki vəziyyət də qarşılaşmanın əhəmiyyətini artırır. Hər iki komanda indiyədək rəqiblərindən bir oyun az - yeddi görüş keçirib. “Sabah” 19 xalla liderdir, “Qarabağ” isə 17 xalla “Neftçi”ylə 2-3-cü pillələri bölüşür.

Ağdam təmsilçisi qalib gələcəyi təqdirdə xallarının sayını 20-yə çatdıracaq və liderliyi ələ keçirəcək. “Sabah”ın qələbəsi isə tərəflər arasındakı fərqi 5 xala yüksəldəcək. Çempionatın bu mərhələsində belə fərq həlledici olmasa da, çempionluq mübarizəsində ciddi psixoloji üstünlük yarada bilər.

Kağız üzərində favorit “Sabah” sayılır. Amma sıx oyun qrafiki meydan sahiblərinin işini çətinləşdirə bilər. Digər tərəfdən, son illərin statistik üstünlüyü masazırlılara əlavə inam verir.

Bir şey dəqiqdir ki, oktyabrın 25-də bizi gərgin və amansız mübarizə gözləyir. “Qarabağ” 25 aydır yığılıb qalan revanş istəyini reallaşdırmağa, “Sabah” isə rəqibi üzərindəki üstünlüyünü davam etdirməyə çalışacaq.

Görək, bu dəfə kim sevinəcək, kim üzüləcək. Hər halda, bu qarşılaşmanın start fitini səbirsizliklə gözləməyə dəyər.

Oktyabrın 25-də “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti