«Biz demək olar hər gün onunla görüşür və fikir mübadiləsi aparırıq».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şəfa»nın vitse-prezidenti Əfran İsmayılov deyib.
«Ağ-göylər» Premyer Liqanın doqquzuncu turunda «Kəpəz»i qəbul edib və 1:2 hesabıyla uduzub. Məğlubiyyətlərinin sayı 8-ə çatan paytaxt təmsilçisi turnir cədvəinin 11-ci pilləsində «möhkəmlənib».
Buna rəğmən, Zaur Həşimovun baş məşqçi postundan uzaqlaşdırılması hazırda gündəmdə yoxdur. Hər halda danışdığımız funksioner belə söyləyir:
«Mən özüm də futbolçu olmuşam, bu cür vəziyyətləri görmüşəm. Səbrli olmaq lazımdır.
Yaxşı komandamız, yaxşı məşqçilərimiz və yaxşı şəraitimiz var. Bu cəhətdən bizdə heç bir problem yoxdur. Heyət yeni yığıldığı üçün sıxıntı yaşayırıq.
Hələ öz oyunumuzu tapmamışıq. İndi-indi görürsən ki, komanda sistemə oturmağa çalışır.
Bəli, mövcud vəziyyətdən narahatıq və Zaur müəllimlə gündəlik söhbətlərimizdə çıxış yolları barədə danışırıq. Nələrsə fikirləşirik.
Bizə bir qələbə lazımdır ki, ardını gətirək. Onun da vaxtı çatıb.
Komanda olaraq təcrübəsizlik də bunadək nəticə qazanmağa əngəl yaradıb. Artıq bu mərhələni keçməliyik.
Premyer Liqada mütləq qalmalıyıq. Mənim baş məşqçiyə və futbolçulara inamım var. Düşünürəm ki, tezliklə bu vəziyyətdən çıxacağıq».
