“Sabah” rəhbərliyinin stadion seçimi özünü doğrultmadı”.
Bu sözlər Sportinfo.az saytının və “Sportinfo TV”nin baş redaktoru İkin Fikrətoğluna məxsusdur.
Tanınmış jurnalist “bayquşlar“ın Çempionlar Liqasının əsas mərhələsinin ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirməsinə münasibət bildirib. O, bu qərarın yanlış olması qənaətindədir:
“Rəsmi mənbələrə görə, “Borussiya“ ilə oyunda 47 mindən çox azarkeş bilet alsa da, stadion yenə yarıboş görünürdü.
Bir “Barselona“ matçına görə komandanı dolu tribunalar qarşısında oynamaqdan, möhtəşəm dəstəkdən məhrum etməyə dəyməzdi.
BOS tamaşaçı üçün əlverişsiz loqistikası, trubunaların meydandan çox uzaq olması insanları cəlb etmir. Axı, “Sabah“ın “Neftçi“ və ya “Qarabağ“ qədər fanat ordusu da yoxdur ki, hər şeyi gözə alıb, tribunaları doldursun.
“Sabah“ hələ indi-indi özünü ölkəyə tanıdır, azarkeşlərin ürəyini alır, fanat toplayır. Stadion seçimindən başqa, qalan məsələrlər gözəldir.
Belə də davam et, “Sabah“! Növbəti turda, noyabrın 5-də bizi daha maraqlı oyun gözləyir. Liqada xal ala biləcəyimiz real görünən ikinci rəqib “Vikinq“lə Norveçdə duel olacaq.
Noyabrda Norveçdə qütb gecələri dövrüdür - sutkanın cəmi 5-6 saatı işıqlı, 17-18 saatı isə qaranlıq olur.
“Sabah“ adında qaranlığı isə hələ görməyiblər, gərək siz bunu norveçlilərə yaşadasız, Azərbayacan çempionu!“.
