PUL VERƏCƏK: "Gücüm nəyə çatacaqsa, onu da edəcəm"

30 Mart 2020 10:24 Şamaxı 742
PUL VERƏCƏK: "Gücüm nəyə çatacaqsa, onu da edəcəm"

"Keşlə"nin müdafiəçisi Tərlan Quliyev Sportinfo.az-a müsahibə verib.

- Koronavirusa görə yaranmış fasilə müddətin necə keçirirsən?

- 10 günə yaxındı yalnız evdə olub, adi məşqlər edirdim. Son 1-2 gündə başlamışam kros qaçmağa. Karantin vəziyyətdi, ehtiyac olmadıqca harasa getmirəm.

- Özün virusla mübarizədə nələrə diqqət edirsən?

- Daha çox uşaqlardan ehtiyatlı olmağa çalışıram. Çünki özüm kənarda nisbətən çox oluram. Virus da elə bir şeydir ki, bilmirsən sənə keçib ya yox. Spirtdən daha çox istifadə edirəm.

- Bu qədər qadağalara rəğmən hələ də virusla mübarizəyə qeyri-ciddi yanaşanlar var ...

- Bu düzgün deyil. Ehtiyac yaranmadıqca çölə çıxmaq lazım deyil. Bizim mentalitetdə belə şeylər var ki, bəzi insanlar düşünür virus mənə nə edəcək ki? Bu yalnışdı. Kimsə özü qorxmaya bilər. Təkcə özünü düşünmək lazım deyil axı. Sənin doğmaların var. Səndən onlara keçə bilər. Ona görə, hər kəs bu məsələyə ciddi yanaşmalıdır.

- Çempionatın bərpası yəqin ki, aprelin 14-ü yox, daha uzun müddət vaxt aparacaq. Bu zaman 3-4 gündən bir oyunlara çıxmaq çətin olmayacaq?

- Məncə, klublarımız buna hazır deyil. Fasilədən sonra inanmıram ki, hansısa komanda fiziki cəhətdən buna hazır olsun. Ancaq ən düzgün variant budur.

- Tərlan, çempionatın başa çatdırılmamaq ehtimalı da var. Belə olarsa, çempion və avrokuboklara gedəcək komandalar hazırkı turnir cədvəlinə görə təyin olunarsa, bu nə dərəcədə doğru qərar olacaq.

- Açığı, "Keşlə"də olduğum üçün bu qərarın bizə heç bir ziyanı yoxdur. Ancaq belə bir qərar olsa, məncə, bu düzgün deyil. Çünki qarşıda 8 tur var və bu müddətdə çox şey dəyişə bilər.

- Avropa klublarının rəhbərləri fasilə müddətində maaşların dondurulması və ya müəyyən faizlə verilməsini düşünürlər. "Keşlə"də belə qərar çıxarılarsa, bunu necə qarşılayacaqsınız?

- Bizim maaşla digər avropa ölkələrindəki futbolçuların maaşları arasında böyük fərq var. İnanıram ki, bizdə elə bir problem olmaz.

- Koronavirusla Mübarizə Fondu yaradılıb. Hələ ki, "Qarabağ"ın baş məşqçisi, futbolçuları və "Neftçi"nin idman direktoru Ceyhun Sultanov fonda pul köçürməsi edib. "Keşlə"də futbolçular arasında belə bir təşəbbüs varmı?

- Özümün belə bir fikrim var. Gücüm nəyə çatacaqsa, onu da edəcəm. Ancaq "Keşlə"də hansısa futbolçularla aramızda belə bir təşəbbüs olmayıb. Amma qarşıdakı günlərdə ola bilər ki, olsun.

Digər Xəbərlər
Xəbər Lenti