Azərbaycan klubunda "yerli nəyimə lazım, yaşasın əcnəbi" PRİNSİPİ DAVAM EDİR

7 May 2022 22:20 Şamaxı 1 228
Azərbaycan klubunda "yerli nəyimə lazım, yaşasın əcnəbi" PRİNSİPİ DAVAM EDİR

"Şamaxı"nın qış fasiləsində heyətinə qatdığı futbolçulardan biri də ingiltərəli Nathan Oduva oldu.

Uzun müddət futbolsuz qalan legionerin bərpa prosesi bir müddət vaxt almış oldu. Amma tam bərpa olunmadan da ona komandanın əsas heyətinin "qapıları" açıldı.

Aldığı zədə səbəbindən buraxdığı iki matç istisna, qalan digər bütün görüşlərdə 26 yaşlı oyunçu əsas heyətdə meydana çıxıb.

Ənənə Sənan Qurbanovla başlayıb, hazırkı çalışdırıcı Rüstəm Əliyevlə davam edir. Amma Oduva ona verilən bu qədər şansın, dəyərin qarşılığında bir qol belə vurmağı bacarmayıb.

Düzdür, matçın gedişində top rəftarından səviyyəsi görsənir. Amma bir hücumçu üçün göstərici bu yox, vurduğu qolun sayıdır. Oduva isə nə qol vura bilib, nə də asist edib Amma davamlı şans almağa davam edir.

Azərbaycan millisinə də çağrılımış azərbaycanlı balası Amil Yunanov isə, ancaq həmkarının dili "yerə dəyəndə", hakimin fiti ağıza gedəndə şans qazanır - 90+da.

Halbuki sonuncu dəfə oynadığı hər iki 90 dəqiqədə Yunanov "gözə girməyi" bacarmışdı. Belə ki, "Səbail"lə matçda asist edən futbolçu növbəti görüş "Sumqayıt"ın qapısına yol tapmışdı.

Ancaq nə hikmətdisə belə statistikadan sonra da onu ehtiyata göndərmişdilər. Bəzən klub rəsmilərimiz, baş məşqçilərimiz başa düşmək istəmirlər ki, sonda bizə qalan oduvalar yox, yunanovlar olacaq.

Hə, haqq edirsə legioner oynasın. Amma ən azından statistika bunu demir axı. Heç göstərilən oyun da bunu demir. Amma nə yazıq ki, sizin qərarlarınız "yerli nəyimə lazım, yaşasın əcnəbi" deyir...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti