“Sportinfo TV”də yayımlanan “Sport Xəbər” növbəti dəfə izləyicilərin görüşünə gəlib.
Aytən Mustafayevanın təqdimatında bir neçə informasiya diqqətə çatdırılıb.
Bildirilib ki, "Qarabağ"da gözlənilməz ayrılıq yaşanıb. Media və Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. O, öz istəyilə klubdan gedib.
Təcrübəli funksioner 2023-cü ildən "köhlən atlar"da çalışırdı. O, daha əvvəl "Qəbələ"də eyni vəzifəni icra edib.
«Sabah»da aylardan bəri davam edən maaş böhranı isə başa çatıb. Klub rəhbərliyi verdiyi vədi gecə də olsa, yerinə yetirib.
Dörd aylıq aradan sonra əməkdaşların, eləcə də, akademiyada çalışan məşqçi və texniki personalın ödəmələri həyata keçirilib.
Bütün borclar bir yerdə qaytarılıb. Kollektivə izah olunub ki, problem texniki məsələlərdən qaynaqlanıb. Belə ki, yayda mühasibatlıq sistemi dəyişib, yeni kadrlar işə cəlb edilib.
"Qarabağ"ın hücumçusu Əli İbrahimov hazırda Yunanıstandadır. 18 yaşlı forvard "Olimpiakos"un düşərgəsindədir.
Əli karate üzrə U-21 (18-21 yaş qrupu) yığmasının baş məşqçisi Elnur İbrahimin oğludur.
Yunanıstan Karate Federasiyası gənc istedadın atasına dəvət göndərib. O, danışıqlar aparmaq üçün adıçəkilən ölkəyə üz tutub və fürsətdən istifadə eləyərək, oğlunun da "Olimpiakos"da yoxlanışdan keçməsinə dair razılıq alıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
