“Qarabağ” 21 ildir bu komandaya “qənim kəsilib”

27 Avqust 2023 09:25 Qarabağ 6 461
“Qarabağ” 21 ildir bu komandaya “qənim kəsilib”

Premyer Liqanın IV turunda “Qarabağ”la qarşılaşacaq “Kəpəz” 21 ildir Azərbaycan çempionatlarında rəqibinə qalib gələ bilmir.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi sonuncu dəfə 2002-ci ilin aprelində öz meydanında ağdamlılardan 3 xal alıb.

Həmin vaxt görüş “Kəpəz”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. O dönəmdən bəri “sarı-göylər” cəmi 5 dəfə rəqibdən 1 xal almaqla kifayətləniblər.

Qalan 23 qarşılaşmada “köhlən atlar” qələbə sevinci yaşayıblar.

Digər maraqlı məqam “Qarabağ”ın son 17 görüşün hamısında rəqibinin qapısına yol tapmasıdır.

Gəncəlilər axırıncı dəfə 2012-ci ilin oktyabrında öz meydanlarında gerçəkləşən görüşdə qolsuz bərabərlik sayəsində qapının toxunulmazlığını qorumağı bacarıblar.

“Kəpəz” indiyə qədər “Qarabağ”a qarşı keçirdiyi 26 səfər oyununun cəmi 3-də qalibiyyət əldə edib.

Sonuncu belə uğur 1999-cu ildə qazanılıb - 2:0. Ağdam təmsilçisi öz meydanında keçirdiyi qarşılaşmalarda 46 qol vurub, 17-ni buraxıb.

Avqustun 27-də təşkil olunacaq görüş komandaların ölkə çempionatlarında ümumilikdə 54-cü dueli olacaq.

“Qarabağ” 30-cu, “Kəpəz” 15-ci qələbəsini qazanmağa çalışacaq. 10 matçda isə qalib müəyyənləşməyib.

Oyun saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti