AFFA-nın yeni rəhbərliyi əsas vəzifələri yalnız öz adamları arasında paylaşdıracaq

13 Aprel 01:20 Azərbaycan Futbolu 785
AFFA-nın yeni rəhbərliyi əsas vəzifələri yalnız öz adamları arasında paylaşdıracaq

AFFA rəhbərliyində dəyişikliklərin olacağı barədə ilkin məlumatlar mətbuata sızanda bunu az qala hər kəs böyük sevinclə qarşılamışdı.

Nəhayət, uzun illərdən sonra rəngi kimi özü də boz olan AFFA-nın binasında şəxsi maraqlar üçün yox, ölkə futbolunun inkişafı üçün işlərin görüləcəyinə ümidlər yaranmışdı.

Lakin futbol ictimaiyyətinin ümid işığını çox tez söndürdülər. İstər Rövşən Nəcəfin AFFA prezidenti seçilməsi, istərsə də İcraiyyə Komitəsinin yeni tərkibinin müəyyənləşdirilməsi prosesi göstərdi ki, Azərbaycan futbolu inhisardan xilas olmayıb, sadəcə əl dəyişib.

İcraiyyə Komitəsinə öz adamlarını yerbəyer eləyən yeni AFFA rəhbərliyi elə ilk gündən niyyətini aydın şəkildə ortaya qoydu. "Hər şey bizə, bütün yaxşı vəzifələr özümüzə" sloqanı ilə hərəkət edən yeni komanda islahat yönümlü addımlar atmaqda maraqlı olmadığını göstərdi.

İK-ya dost-tanışları yığmaqdansa, futbolumuz naminə bir neçə iş adamını cəlb etmək ideyasını yaxın buraxmadılar. Məsələn, "Turan Tovuz"a rəhbər gəldiyi gündən sağlam təfəkkürlə işə girişən Ehtiram Quliyev İcraiyyə Komitəsində təmsil oluna bilərdi. İş adamının AFFA rəhbərliyində yer alması çox yaxşı hal sayılardı.

"Barselona"nın prezidenti Xuan Laporta, Messi kimi dünya ulduzu ilə dostluq əlaqələri olan SOCAR-ın sabiq vitse-prezidenti Adnan Əhmədzadəni də İK-ya cəlb etmək olardı.

Belə əlaqələrə malik iş adamının futbolumuz üçün xeyirli işlər görə biləcəyi kifayət qədər real görünürdü. Amma ki, AFFA-da yenə "köhnə hamam, köhnə tasdı". Hərə öz maraqlarını güdür, futbolumuzun maraqlarını güdən yoxdur.

Deyilənə görə, AFFA-nın strukturunda böyük dəyişikliklər gözlənilir. Lakin belə görünür ki, Rövşən Nəcəf və onun yaxın ətrafı əsas vəzifələri yalnız öz adamları arasında paylaşdıracaq.

Görüntü üçün 2-3 futbol veteranına kiçik əməkhaqqı ilə sıradan iş vermələri də mümkündür (sportal.az).

Həmid

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU