Özbəkistan və Gürcüstan futbolçularının Avropanın adlı-sanlı klublarından gələn səs-küyü hər ötən gün artmaqdadır.
Özbəklərdən Abduqodir Xusanov “Mançester Siti”də forma geyinir, Eldor Şomurodov “Roma” gördü.
17 yaşlı qazaxıstanlı Dastan Satpayev "Çelsi" formasında ilk oyundaca qol vurdu.
Gürcülərin vəziyyəti barədə geniş şərhə ehtiyac yoxdur.
Xviça Kvaratsxeliya “PSJ”də, Giorgi Mamardaşvili “Liverpul”da, Georges Mikautadze isə “Vilyarreal”da çıxış edir. Siyahını çox uzatmaq olar.
Gürcüstan bir kənara, artıq Asiya ölkələrindən çıxan futbolçuların qarşısında Avropanın ən böyük klubları durur.
Biz niyə daha yuxarı səviyyəyə futbolçu çıxara bilmirik?
Bu suala cavab tapmaq əvəzinə hələ 3-5 futbolçunun ətrafında böyük ümidlər qururuq.
Mahir Emreli, Murad Məmmədov, Nəriman Axundzadə, Toral Bayramov...
Emreli Polşanın yüksək liqasında autsayder olan “Rakuv”da çıxış edir.
Nisbətən abırlı görünən Murad Məmmədov Kiprin “Pafos”unda forma geyinir.
Nəriman Axundzadə isə ABŞ-nin MLS klubu “Kolambus Kryu”nu Türkiyə Super Liqasının debütantın "Ərzurumspor"a dəyişdi.
"Qarabağ"la Avropa səhnəsinə böyük təcrübə qazanan Toral Bayramov bu mövsümdən Türkiyənin aşağı liqasında çıxış edən “Bursaspor”a üz tutdu.
Bəli, bunların arasında perspektivli, istedadlı futbolçular var.
Amma reallığı da olduğu kimi görmək lazımdır.
Çox böyük ümidlərə qapılmağa dəyməz.
Azərbaycan futbolçusunun Avropada çıxa bildiyi ən yüksək səviyyə ən yaxşı halda Polşa çempionatı və Almaniyanın ikinci Bundesliqası ola bilər.
Emrelinin yolu da bunu kifayət qədər aydın göstərir.
Bir-iki istedadlı futbolçunun təsadüfən üzə çıxmasına bel bağlamaqla Özbəkistan və Gürcüstan səviyyəsinə qalxmaq mümkün deyil.
Bunun üçün sistem qurulmalıdır.
Özbəkistan və Gürcüstanda uşaq futboluna, akademiyalara, məşqçi hazırlığına və istedadların inkişafına verilən diqqətin nəticəsini bu gün həmin ölkələrin futbolçularının transferlərində görürük.
Biz də eyni nəticəni istəyiriksə, eyni yola ayaq qoymalıyıq.
Azərbaycan futboluna da həmin ölkələrdəki uşaq futboluna göstərilən qayğını, yanaşmanı gətirmək lazımdır.
XANOĞLAN/ SPORTİNFO.AZ
