Bir projektorun əsirinə çevrilən iki Premyer Liqa klubu...
Biri "İmişli", digəri "Şamaxı".
Şamaxı şəhər stadionu kimi, "İmişli"nin bu mövsüm ev oyunlarını keçirəcəyi Yevlax şəhər stadionunda da işıqlandırma yoxdur.
Hər iki klub yeni mövsümün ilk 5 ev oyununu öz stadionunda keçirə bilməyəcək.
Məcburən ardıcıl 5 tur səfərdə oynamalı olacaqlar.
Səbəb isə sadədir: ev oyunlarını keçirəcəkləri stadionlarda işıqlandırma sistemi hələ hazır deyil
21-ci əsrdə Premyer Liqamızda yaranmış problemə baxın da.
İndi sual yaranır: dörd projektoru vaxtında qurlaşdırıb yeni mövsümün startına qədər hazır vəziyyətə gətirmək bu qədərmi çətin idi?
Danışdırsan deyiləcək ki, qısa müddətdə həll olunan məsələ deyil, materiallar xaricdən gətirilir və sair, və ilaxır.
Yaxşı, bəs bu qərarı mövsümün başlamasına bir ay qalmış yox, daha əvvəl – ötən mövsüm başa çatan kimi hər iki stadionda görüləcək işlər planlaşdırıla, tapşırıqlar verilə və proses vaxtında başlana bilməzdimi?
Bildiyimizə görə, hər iki stadionda projektorların quraşdırılmasını AFFA həyata keçirir.
Maliyyələşmə də AFFA tərəfindən təmin olunur, sadəcə sonradan həmin vəsait dövlət dotasiyasından tutulacaq.
Yəni qərarı verən də AFFA-dır, işi təşkil edən və gördürən də. Elə isə bu hazırlıq niyə daha əvvəl aparılmadı? Niyə yeni mövsüm başlayanda belə anormal vəziyyət yaranmalı idi?
Məsələ təkcə projektor məsələsi deyil. Bunun birbaşa idman nəticələrinə təsiri var.
"Qəbələ" ardıcıl iki turdur əsas rəqibləri ilə evdə oynayır. "İmişli" isə ardıcıl üç turdur səfər meydanlarında mübarizə aparmağa məcburdur.
Çempionatın belə bir dönəmində qazanılan hər xalın əhəmiyyəti böyükdür. Mövsümün əvvəlində psixoloji üstünlük əldə etmək, öz meydanında oynamaq və azarkeş dəstəyindən yararlanmaq komandalar üçün ciddi üstünlükdür.
XANOĞLAN/ SPORTİNFO.AZ
