“Sportinfo”nun əməkdaşını çaş-baş salan adam – Onları görəndə diqqətlə baxın!

20:40 Araşdırma 184
“Sportinfo”nun əməkdaşını çaş-baş salan adam – Onları görəndə diqqətlə baxın!

“Palms Sports Arena”da baş tutan “Neftçi” – “Karvan-Yevlax” qarşılaşmasından sonra rastlaşdığım hadisəni çətin ki, nə vaxtsa unudum.

Oyun başa çatandan sonra qolsuz bərabərliyə sevinən qonaq komandanın düşərgəsində əsl bayram ab-havası yaşanırdı. Klub işçiləri məmnun görünür, futbolçuların simasına çökən mimika xoşbəxtlikdən xəbər verirdi.

Həmin an “Karvan-Yevlax”ın paltardəyişmə otağından çıxıb dəhlizə tərəf yön alan futbolçunun “Sabah”ın üzvü Coy-Lens Mikels olduğunu zənn edib salamlaşdım. İllərdir Azərbaycan oynayan birini o biri qardaşları ilə səhv sala bilməzdim axı.

Hal-əhval tutandan sonra ondan “Karvan-Yevlax”dakı əkiz qardaşı Coy-Slayd Mikelsin zədəsi barədə soruşanda, həmsöhbətim məni pərt etmək istəməyəcək şəkildə dilləndi:

“Slayd elə mənəm. Sadəcə Lenslə çox oxşarıq. Zədəm sağalmaq üzrədir. Çox güman, iki həftədən sonra kollektivlə məşqlərə başlayacağam”.

Sözün əsl mənasında donub yerimdə qaldım. İnsan insana bu qədərmi bənzəyər? Deyək ki, üzdən eynidirlər. Bəs, gülüşləri? Yerişləri? Səsləri? Hamısı birə-bir eynidir? Bəlkə də başında papaq olmasaydı, saç düzümündən fərqləndirmək olardı.

Üstündən bir həftə keçəndən sonra “Zirə” – “Neftçi” qarşılaşmasını izləmək üçün yollandığım Zirə İdman Kompleksində təsadüfən kiçik qardaşları Leroy Mikelslə rastlaşdım.

Zədəsi var idi deyə, adı iştirak ərizəsinə salınmamışdı. Failədə media sektorun yanında tanışı ilə söhbət edirdi.

Leroyla görüşəndən sonra zədəsi ilə bağlı eyni sualı ona da verdim. Ki, nə vaxt sağalacaqsan, nə vaxt oynayacaqsan?

Və həmin an yadıma “Neftçi”nin stadionunda başıma gələn hadisə düşdü. Olayı ona da nəql edəndən sonra bir xeyli güldük. Dedi, çıxılmaz vəziyyətə düşən tək sən deyilsən, indiyə qədər çox adam onları səhv salıb.

Ağlımda dolaşan sualı Leroya ünvanladım. Bəs, əkizlər bu dərəcədə oxşardırlarsa, valideynlərin və yaxınların onları necə fərqləndirir? Yoxsa eyni halla onlar da üzləşir?

“Zirə”li Mikels dilləndi:

“Evdə onları rahatlıqla ayırd edirik. Çünki birlikdə çox vaxt keçiririk deyə, xüsusiyyətlərini hiss edirik. Siz də 2-3 gün əkizlərlə bir evdə yaşasanız, rahatlıqla seçə bilərsiniz”.

Deməyə söz tapmadım. Gözlərimin önündə bir həftə əvvəlki olay yenidən canlandı və dəli gülməyi saxlaya bilmədim. Leroyla birlikdə bir xeyli güldük.

Maraq üçün bildirim ki, Almaniya vətəndaşlığını daşıyan Leroy qardaşları dünya futbol tarixinə yüksək səviyyəli peşəkar liqada eyni anda çıxış edən üç qardaş kimi düşüblər – Coy-Lens Mikels, Coy-Slayd Mikels, Leroy Mikels.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti