
DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Ukrayna - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Görüşü avstriyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim Sebastyan Qisxamer olacaq.
Ona Yorqen Roland Riedel və Santino Şrayner kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Valter Altman yerinə yetirəcək.
37 yaşlı referi 2017-ci ildən beynəlxalq matçlarda görünməyə başlayıb.
İndiyə qədər UEFA və FİFA-nın bayrağı altında keçirilən 56 qarşılaşmada fit çalan Qisxamerin yolu bizimkilərlə iki dəfə kəsişib.
Beynəlxalq dərəcəli hakim kimi debütü Azərbaycanla Çexiyanın 21 yaşa qədər futbolçuları arasındakı yoldaşlıq görüşünə təsadüf edib.
2017-ci ilin iyunun 5-də Avstriyada keçirilən dueldə çexlər bizimkiləri 5 dəfə mərkəzə dəvət edib. Həmin qarşılaşmanın iştirakçılarından olmuş Mahir Emreli, Qismət Alıyev və Bəhlul Mustafazadə bu gün Azərbaycan seçməsinin sıralarındadır.
Sebastyan həm də “Qarabağ”ı iş başında görmüş adamdır. 2023-cü ilin oktyabrın 5-də İsveçdə “Haken”lə “Qarabağ” arasında reallaşan oyunu məhz bu hakim idarə edib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş qarşılaşma Olavio Juninyonun vurduğu yeganə qol sayəsində “köhlən atlar”ın xeyrinə başa çatıb.
Həmin gün meydana çıxanlardan Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov, Abbas Hüseynov və Nəriman Axundzadə hazırda milli komandada Ayxan Abbasovun sərəncamındadır.
Odur ki, avstriyalı referi yığmamızın təxminən yarısının tanıdığı simadır. Çexiyada darmadağına, İsveçdə inamlı qələbəyə şahidlik edən ədalət təmsilçisinin bu axşam hansı nəticə üçün fit çalacağı maraq doğurmaya bilməz.
Oktyabrın 13-də keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ