
Son illərdə kartla və mobil tətbiqlərlə ödənişlər sürətlə yayılıb. İnsanlar alış-verişdə, nəqliyyatda və bir çox sahədə nağdsız üsullara üstünlük verirlər.
Bəs görəsən, nağdsız ödənişlərin artması gələcəkdə kağız pulların tamamilə yox olmasına səbəb ola bilər?
İqtisadçı ekspert Asif İbrahimov metbuat.az-a açıqlamasında bildirib ki, bu, dünyanın bir çox ölkələrində artıq uzun müddətdir tətbiq olunur, amma heç bir halda kağız pulların tamamilə dövriyyədən çıxmasına gətirib çıxara bilmir:
"Avropa ölkələrində nağdsız ödənişlərin istifadəsi çox yüksək səviyyədədir, təqribən 10–20 faiz insan hələ də nağd pullardan istifadə edir. Lakin nağd pulların tamamilə sıradan çıxması müəyyən çətinliklər yarada bilər.
Məsələn, yaşlı nəslin böyük bir qismi, o cümlədən Azərbaycanda, smartfonlardan və ya bank kartlarından istifadə edə bilmir və əsasən kağız pullarla hesablaşır".
A.İbrahimovun sözlərinə görə, kağız pullar anonimlik xarakteri daşıyan ödənişlər üçün də vacibdir. Vətəndaş bəzən hansısa alış-veriş zamanı ödənişin harada və necə edildiyinin qeydə alınmasını istəmir:
"Bundan əlavə, internetdən asılılıq və kiberhücumlar da risk yaradır. Məsələn, bank sistemlərinə müdaxilələr baş verə və nəticədə bank əməliyyatları müvəqqəti dayana bilər. Belə hallarda kağız pulların tamamilə ləğvi əlavə problemlərə səbəb ola bilər. Nağdsız ödənişlər nə qədər inkişaf etsə və kütləviləşsə də, kağız pulların tamamilə aradan qaldırılması praktiki və düzgün deyil. Onlar minimum da olsa, ehtiyat (rezerv) vasitəsi kimi qalır və bəzi sahələrdə zəruri rol oynayır. Məsələn, Azərbaycanda orduda əsgərlər kart daşıya bilmədiyi üçün şəxsi xırda ehtiyaclarını ödəmək məqsədilə nağd pullardan istifadə edirlər. Bu baxımdan, kağız pullardan tamamilə imtina etmək nə mümkün, nə də məqsədəuyğundur".