
Bu axşam “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində ilk oyuna çıxacaq.
Rəqib tanıtmağa və tərifə ehtiyacı olmayan “Benfika”dır.
1961 və 1962-ci illərdə məhz bu turnirin qalibi adını qazanmış 38 qat Portuqaliya çempionu avrokuboklarda zəngin təcrübəyə sahibdir.
Sonuncu dəfə 2023-cü ildə ölkə çempionluğu bayram edən Lissabon təmsilçisi son 2 ildə “qızıl”dan uzaq düşməsinə baxmayaraq, 2-ci yerin sahibi kimi Çempionlar Liqasında mübarizə aparıb.
“Qartallar” ötən mövsüm ÇL-in Liqa mərhələsində 8 oyun keçirib.
Doğma meydandakı görüşlərdə Madrid “Atletiko”sunu 4:0 hesabı ilə məğlub edib, “Bolonya” ilə qolsuz bərabərə qalıb, “Barselona” ilə drammatik keçən görüşdə 4:5 hesabı ilə uduzub, “Feyenoord”a 1:3 uduzub.
Səfərdəki qarşılaşmalarda “Srvena Zvezda”nı 2:1, “Monako”nu 3:2, “Yuventus”u 2:0 məğlub edib, “Bavariya”ya 0:1 hesabı ilə boyun əyib.
Topladığı 13 xal sayəsində liqa mərhələsini adlayan “qırmızılar” pley-offda yenə “Monako” ilə üz-üzə gəlib. Lissabonda 3:3 hesabı qeydə alınıb, Fransada 1:0 hesablı qələbə “Benfika”nı 1/16-də başqa bir tanış rəqibə - “Barselona”ya rəqib edib.
İspaniya nəhəngi bu dəfə də keçilməz olub – 0:1, 1:3.
“Qarabağ”ın rəqibi bu dəfəki avrokubok mövsümünə ÇL-in III təsnifat mərhələsindən start verərək “Nitsa”nı hər iki oyunda 2:0 hesabı ilə məğlub edib.
Pley-offda isə “Fənərbağça”nı doğma meydanda 1:0 udub, İstanbulda 0:0 qeydə alınıb. Nəticədə “Benfika” yoluna ÇL-də davam edərək Liqa mərhələsinin ilk görüşündə “Qarabağ”a rəqib olub.
Söhbət məşhur Rui Koştanın prezidenti, Bruno Laqenin baş məşqçisi olduğu komandadan gedirsə, yayda ABŞ-da keçirilən Klublararası Dünya Kubokunu da yada salmağa dəyər.
“Benfika” qrup mərhələsində “Boka Xuniors”la bərabərə qalıb (2:2), “Okland Siti”ni 6:0 darmadağın etmiş, turnirin sensasiyalı nəticəsinə imza ataraq “Bavariya” üzərində 1:0 hesablı qələbəyə sevinmişdi.
1/16 final mərhələsində “Çelsi” ilə gərgin qarşılaşmanın əsas vaxtı 1:1 tamamlanmış, əlavə olunmuş dəqiqələrdə ingilislər 3 qol vurub darmadağını rəsmiləşdirmişdi.
Nəticələrdən də göründüyü kimi, “Benfika” son 1 ildə “Atletiko”,“Yuventus”, “Monako” kimi komandaları məğlub edib, “Bavariya” kimi nəhəngi iki dəfə udub, bir oyunda “Barselona”nın qapısına 4 top vurmağı bacarıb.
Təbii ki, “Qarabağ”la 38 qat Portuqaliya çempionunu eyni tutmaq ədalətsizlik olar. Ümidimiz ilyarım əvvəl Braqada baş verən sensasiyanın növbəti dəfə təkrar olunmasınadır.
Bu gün "Estádio do SL Benfica"da keçiriləcək "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ