Rəşad Sadıqovun çoxdan gözlədiyi gün

1 Fevral 2023 15:00 Zirə 384
Rəşad Sadıqovun çoxdan gözlədiyi gün

20-ci turun mərkəzi və prinsipial qarşılaşması “Bakcell Arena”da baş tutacaq.

Turun sonuncu gününün sonuncu oyununda “Neftçi” “Zirə”ni qəbul edəcək.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan və turnir cədvəlində qonşu olan komandaların duelindən hansının qalib ayrılacağını Rəşad Əhmədovun final fitindən sonra biləcəyik.

Fərqli ab-hava

Bu oyunda qeydə alınacaq hesab “Neftçi” üçün olduqca önəmlidir. Bakılılar yeni ildə 3-ü Antalyada, 1-i Premyer Liqada olmaqla 4 görüş keçirib ki, bunlardan yalnız 1-də qalib gəlib. “Ağ-qaralar”ın xüsusən ötən həftə “Sabah”la vacib qarşılaşmada məğlub olması düşərgədəki ab-havanı kifayət qədər gərginləşdirib. Çempionluqdan böyük ölçüdə əli üzülən ölkənin ən köklü klubunun “Sabah”la xal fərqi də kifayət qədər artıb (8 xal).

Zirəlilərlə matçda da yaşana biləcək mümkün xal itkisi Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektivi çıxılmaz duruma salacaq. İndiki vəziyyətdə “Neftçi”də psixoloji gərginliyin olması anlaşılandır.

Ard-arda yeni futbolçularla güclənən “qartallar” isə yeni ildəki ilk rəsmi oyunda “Sumqayıt” üzərində qazandığı inamlı qələbə ilə gələcəyə ümid verdi. Rəşad Sadıqovun komandası rəqibin yaxşı günlərdən uzaq düşdüyünün fərqindədir. Və bundan maksimum yararlanmaq üçün istək 1-ə 5 artıb.

Qələbə stimulu

“Neftçi”nin yenilgisi turnir cədvəlindəki gərginliyi bir az da artıracaq. “Sabah” ın növbəti qələbəsi fonunda “ağ-qaralar”ın uduzması aradakı xal fərqi 11-ə yüksəldəcək. Üstəlik, zirəlilər “ağ-qaralar”ı yaxalamaq şansı qazanacaq. Belə deyək, “Zirə” fevralın 1-də “Neftçi”ni udsa, xal fərqi 4-ə enəcək. Bu isə qəsəbə təmsilçisinə əlavə stimul verir.

Qisas anı

“Neftçi”ylə oyun “qartallar”ın məşqçi və futbolçu heyəti üçün xüsusi prinsipiallıq daşıyır. Meydan sahibləri cari Premyer Liqa mövsümündə rəqibini hər iki matçda məğlub edib. Doğma azarkeşlər önündə 2:1, səfərdə 3:0 hesabı ilə.

Kubok mübarizəsində də istəyinə çatan “ağ-qaralar” olub. 1/4 final mərhələsi çərçivəsində baş tutan ilk dueldən “qartallar” 1:0 hesabı ilə üstün ayrılmışdısa, cavab görüşündə “Neftçi” təcrübəsi hesabına 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlmişdi.

İndi Rəşad Sadıqovun illərini verdiyi komandadan almalı olduğu qisas var. Kubokdakı məğlubiyyətin əvəzini çıxmaq, çempionatın ilk yarısındakı yenilgiləri qismən unutdurmaq üçün “Zirə” qələbəyə sevinməlidir.

Cari mövsümdə əsas rəqibləri “Qarabağ” və “Sabah”la keçirilən 5 oyunun hamısında uduzan “Neftçi”nin çərşənbə günü növbəti yenilgini yaşaması ortaya böyük, çox böyük suallar çıxaracaq.

Fevralın 1-də Premyer Liqanın 20-ci turu çərçivəsində “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 17.30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti