"Heç nə etmək olmaz" iddiası və ya zəiflərin güclüsü

27 Yanvar 2023 09:40 Şamaxı 421
"Heç nə etmək olmaz" iddiası və ya zəiflərin güclüsü

I Diviziona düşmək narahatlığı olan autsayderlər arasında mübarizə indtdən gərgin xarakter alıb.

Bu yarışma son turadək öz aktuallığını qoruyacaq.

Axırıncı həftəyədək bilinməyəcək ki, kim düşəcək, kim qalacaq. AFFA heç bir klubun Premyer Liqanı tərk etməyəcəyinə dair vaxtından əvvəl bəyanat verməsə, minimum 4-5 iştirakçı 10-ci pillədən canını qurtarmağın yollarını axtaracaq.

«Şamaxı» zəiflərin arasında ən güclü adını almağa yaxındır. Əsas rəqiblərindən olan «Səbail» üzərində 6 xala bərabər qələbə əldə etdilər.

Nəyin hesabına? Burada qaydalar və prinsiplər dəyişməzdir: əzmkarlıq, əzmkarlıq, yenə də əzmkarlıq!

Bunlar «Şamaxı»nın meydandakı üzüdür, simasıdır. Cavid Hüseynovu qətiyyən pərdənin arxasına çəkmirik.

Bu cavan oğlanın haqqı xoş sözlərdir. Adam adam kimi çalışır, vitrinə məhsul çıxarır.

Düz fikirdir ki, Premyer Liqada klub sayı 10-a çatıdırılmasaydı, «Şamaxı»da toplaşan futbolçuların əksəriyyəti butsılarını mıxdan asmışdı, tində-bucaqda göyərçin uçururdu.

Hüseynov gözdən və könüldən uzaq düşmüş gəncləri, qatarı getmiş yaşlıları bir çardaq altına yığaraq, maraqlı komanda yaradıb. İşi də ki, işdir.

Məşqçi müdaxiləsi ilə ikinci hissədə «Səbail»ə «master-klass» keçdilər. İzləyənlərə də xoş oldu. İzləməyənlərə isə oyunun videosunu tapmağı tövsiyədə bulunuram.

«Sırf yerli futbolçulardan qurulmuş komandayla heç nə etmək olmaz» iddiasıyla yatıb-qalxanlar var idi ha, Cavid Hüseynov bu fikri darmağın eləmək yolunda növbəti iri addımı atdı.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti