4 aydan sonra futbol oynadı və günahlandırdı: “Yaxşı oldu ki...”

13 Yanvar 2023 17:40 Şamaxı 531
4 aydan sonra futbol oynadı və günahlandırdı: “Yaxşı oldu ki...”

Premyer Liqanın ən gənc komandası “Şamaxı” qış fasiləsində ilk yoldaşlıq görüşünü keçirib.

Bölgə təmsilçisi Antalyadakı ilk yoldaşlıq görüşündə Qazaxıstanın ikinci liqa iştirakçısı “Kaysar”la üz-üzə gəlib.

Küləkli hava şəraitində keçən gərgin oyunda qapılara top vurulmayıb.

“Şamaxı” azarkeşlərini sevindirən əsas məqam təkcə sevimli komandalarının Qazaxıstan kubokunun ikqat qalibinə uduzmaması deyil.

Onların üzünü güldürən həm də “şirlər”in qol ümidi Amil Yunanovun uzun 4 aylıq fasilədən sonra yaşıl meydanlara qayıtması idi.

Sonuncu dəfə ötən ilin sentyabrın 3-də “Turan Tovuz”la matçda gözə dəyən hücumçu Sportinfo.az-a açıqlamasında həm zədədən qayıdışı, həm də qazaxlarla oyunla bağlı təəssüratlarını bölüşüb:

“Bu qədər fasilədən sonra yenidən meydana çıxıb mübarizə aparmaq çətin idi. Sentyabrdan bu yana oynamırdım.

Hər nə qədər məşq etsəm də, oyunun ağırlığı başqadır. Yaxşı oldu ki, meydana dönüşüm fasiləyə və yoldaşlıq görüşlərinə təsadüf etdi.

Çünki bu matçlardan maksimum istifadə etməklə oyun təcrübəsi qazana bilərəm. Çempionata qədər məşq və oyunlarla formamı bərpa etməyə çalışacağam.

O ki qaldı “Kaysar”la görüşə, Antalyada hava şəraiti küləkli və yağışlı idi. Hava şəraiti düşündüklərimizi ortaya qoymaq baxımından mane olurdu.

Təbii, rəqib də eyni şərtlər altında oynayırdı. Amma qol epizodlarını dəyərləndirmək baxımından işimizi çətinləşdirirdi.

Hava şəraiti əlverişli olsaydı, qalib də gələ bilərdik. Qış fasiləsindən sonra ilk matçımız idi. İnşallah, zamanla daha yaxşı olacaq”.

Amil Yunanov cari mövsümdə “Şamaxı”nın heyətində 5 oyunda meydana çıxmaqla 2 qolun müəllifi olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti