Bir azərbaycanlı futbolçunun 10 günlük fasilə dönəmini Dubayda, İstanbulda, yaxud ölkəmizin dilbər guşələrindən olan Qəbələdə və ya Qusarda keçirmədiyini təsəvvür edə bilirsiniz?
Bəs, çempionatda yaranmış fasilədə fiziki durumunu yaxşılaşdırmaq üçün özünə fərdi məşqçi tutaraq gecəsini gündüzünə qatan birini?
Beləsi var. “Şamaxı”nın və Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov.
Deməli, 20 yaşlı futbolçu qış fasiləsində fiziki hazırlığını daha da gücləndirmək üçün Türkiyəyə yollanıb.
İzmirdə özünə fərdi məşqçi tutaraq təxminən bir həftə həmin mütəxəssisin verdiyi tapşırıqları yerinə yetirib ki, çempionatın ikinci yarısında rəqib futbolçularla mübarizədə uduzmasın.
Təbii, İzmirdə istirahət etməyə də imkan tapıb. Amma adamın məqsədi idmançı formasını ən üst səviyyəyə çatdırmaq olub. Və bütün xərcləri öz cibindən ödəyib.
Cəlalın digər gənclərə də nümunə olacaq bu addımı mütləq və mütləq alqışlanmalıdır. Nə yaxşı ki, yeni nəsil futbolçuların arasında beləsi və ya belələri var.
Müqavilə ilə “Zirə”yə məxsus olan mərkəz müdafiəçisi cari mövsümdə icarə əsasında formasını geyindiyi “Şamaxı”da 15 oyunda 1275 dəqiqə meydanda olub.
HƏBİB / SPORTİNFO.AZ

