Şahin Diniyev artıq 3 gündür «Səbail»in sükanı arxasına keçib.
Yeni komandasını Antalya toplanışına aparan baş məşqçi konkret vəzifə ilə yola çıxıb.
O. qeyri-sabit mövsüm keçirən «dənizçilər»i olduğu yerdən yuxarı qaldırmalıdır.
Premyer Liqanın ilk 18 həftəsində 10 xal toplayan və turnir cədvəlinin son pilləsində məskunlaşan Bayıl təmsilçisini «zirzəmi»dən qurtarmalı, həmçinin ölkə kubokunda finala vəsiqəni təmin etməlidir.
Sonuncu dəfə «Kəpəz»i çalışdırmış Diniyev 5 illik fasilədən sonra döndüyü klub futbolunda özünü doğrultmaq, reputasiyasını təmizləmək, bir sözlə, sudan quru çıxmaq istəyir.
Özünə də məlumdur ki. ictimaiyyətdə ona münasibət birmənalı deyil. O, Gəncə təmsilçisində fəaliyyət göstərdiyi 2 il ərzində üst-başını çox bulayıb və haqqında mənfi fikirlər formalaşdırıb.
AFFA-dan gələn tapşırıq əsasında «Səbail»də işə düzələn Diniyev çalışacaq ki, barəsindəki mənfi rəyi dağıtsın. Ancaq onun ilk addımları xəyal qırıqlığı yaradır.
Korpusuna daxil etdiyi adlardan görünür ki, Şahin bəy köhnə təfəkkürlü mütəxəsss «şinel»ini hələ də soyuna bilməyib, ötən əsrdə qalıb.
Başlayaq oğlu Kərim Diniyevdən. O, futbolçu karyerasını bir müddət əvvəl erkən başa vuran Kərimi özünə köməkçi götürüb.
«C» kateqoriyası belə olmayan oğlunun onun yanında nə işi var? Məşqçilik həyatında ilk addımlarını atan Kərim nə bilir ki, hələ «Səbail»ə də köməyi dəysin?
Kərim heç düz-əməlli futbolçu karyerası yaşamayıb. Nə oynayıb, vaxtilə elə atasının rəhbərliyi altında, «Kəpəz»də oynayıb.
Şahin Diniyev oradan gedəndən sonra Kərim də bir neçə klub dəyişib. Axır «dayanacağ»ı «Şamaxı» olub.
Komandanın ovaxtkı baş məşqçisi Sənan Qurbanov onu AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun tapşırığı ilə götürüb.
Ondan belə qapı açan olmadı, müdafiəçi də məcbur qalıb karyerasını bitirdi, özünə ödənişli əsaslarla «akademiya» yaratdı, azyaşlı uşaqları başına topladı.
Bildiyimizə görə, Kərim soyadını verdiyi məktəbin də artış başını buraxıb və özünü tam olaraq «Səbail»ə kökləyib. Bu, daha çox özünə lazımdır: həm təcrübə toplayacaq, həm də yaxşı əməkhqqı alacaq.
Bəs «Səbail» ondan nə qazanacaq? Şahin Diniyev klubun ümumi maraqlarını düşünsəydi, yəqin ki, oğluna öz yanında yer verməzdi.
O, keçmiş futbolçusu, «Qarabağ»dan yaxşı tanıdığı Elmir Xankişiyevi özünə fiziki hazırlıq üzrə yardımçı götürüb. Xankişiyev zamanında gözəl futbolçu olub, amma məşqçi kimi bəlli bir məsafə qət etməyib.
Fiziki hazırlıq spesifik sahədir, özəllikəri çoxdur. Hər oxuyan Molla Pənah Vaqif olmadığı kimi, məşqçilik kurslarında iştirak edən hər kəs də bu sahə üzrə gedə bilmir, getmir.
Təsadüfi deyil ki, Premyer Liqanın demək olar bütün klublarının çalışdırıcıları fiziki hazırlıq üzrə köməkçini ölkə xaricində axtarır.
Əlbəttə, onların heç biri dəli olmayıb və işin çətinliyinin fərqindədir. Bu sahə üzrə yerli mütəxəssislər yox dərəcəsindədir və onların yetişdirilməsi uzun vaxt aparır.
Diniyev güclü məşqçi kimi özünü isbatlaya və qəbul etdirə bilməyib. Baxmayaraq ki, 25-26 ildən artıqdır bu həyatın içindədir, lakin onun bir parçası olmağı bacarmayıb.
Nəticələri çox zəifdir. Əgər o, həqiqətən «Səbail»də özü üçün yeni səhifə açmaq istəyirdisə, ətrafına say-seçmə kadrlar toplamalı idi.
Day korpusunu qohum-əqraba, dost-tanış «oda»sına çevirməli deyildi.
Bir sözlə, o, yeni işinin ilk günündən səhv kurs götürüb və bu, yağışdan çıxmış «Səbail»in yağmura düşəcəyi narahatlığı yaradır.
Xəzər Hikmət

