Futbolun vacib elementi dünənki və bugünkü "Şamaxı"da var - BƏS SABAH?

14 Dekabr 2022 23:00 Şamaxı 585
Futbolun vacib elementi dünənki və bugünkü "Şamaxı"da var - BƏS SABAH?

“Şamaxı” ardıcıl 5-ci oyununda da meydanı məğlub olmadan tərk etdi.

Son 8 matçda isə yalnız “Qarabağ” “Şirlər”in öhdəsindən gələ bilib. Mövsümün əvvəli bunu kimə desən, inanmazdı.

Fikirləşərdi ki, bunun başına hava gəlib. Qəh-qəhə çəkib gülənlər də nə qədər desən.

Amma klubda gənclərə güvənildi. Başda da Cavid Hüseynov və Vüqar Əsgərli ikilisi olmaqla. Hə, kimlərsə bunu məcburiyyətdən atılan addım kimi də qiymətləndirə bilər. Hətta bu da indiki faktın gözəlliyinə xələl gətirməməlidir!

Ardıcıl məğlubiyyətlərdə belə dözüm göstərdilər. Ağır yükün altından çiyinlərini götürüb qaçmadılar. Qıcıq yaradacaq reaksiyalara maksimum reaksiya verməməyə çalışdılar. Çətin idi, lakim lazımlıydı.

Onlar bu günü görürdü. Təkcə onlar yox, futbolu az-maz bilənlər də bu günü görürdü. İşığı hiss edirdi. Məsələn, Rəşad Sadıqovun dediyi kimi. “Zirə”nin çalışdırıcısı dünənki matçdan sonra bu fikirləri dilə gətirib:

“Şamaxı"nın bugünkü çıxışını qeyd etmək lazımdır. Mütləq. Bəlkə də "Şamaxı" məni çempionatda ən narahat edən komandalardan biridir. Onlar ilk dövrədə ardıcıl məğlubiyyətlər alanda da bunu qeyd edirdim. "Şamaxı"nın potensialı görünürdü”.

Bəli, nəticələr yox idi, amma potensial görünürdü. Futbolda isə ən önəmli məqam budur. Bu gün ardıcıl qələbələr qazanan komandan olar, ancaq potensial görməzsən. O qədər olub ki...

Bu günün, lap elə mövsümün əvvəlindəki “Şamaxı”da futbolun vacib elementi hesab olunan – potensial görünürdü. Sadəcə, açmaq, üstünə qoymaq lazım idi. Onu da məşqçilər korpusu bacardı/bacarır!

Zamanla isə qarşıya qoyulan bəlli bir sistemin daha da inkişafına, formalaşmasına nail olundu.

Bu gün nəticələr ortadadır. Məncə, potensial daha da yaxşısına imkan verir. Yetər ki, gənclər dünən və bu gün məşqçilər korpusuna, məşqlərə, ümumiyyətlə, futbola olan yanaşmalarını dəyişmiş olmasın.

Bu, başda gənclərin özü olmaqla, bütün komandaya, aylardı formalaşdırılan sistemə xəyanət olacaq.

Axı bizdə 3-5 yaxşı oyundan sonra “şişmək” elementlərinin aşkara çıxması az olmayıb.

Ümid edək ki, Şamaxının gözəl təbiiəti, böyük ədəbiyyatı ordakılara bu fürsəti verməyəcək. Həm də sakit, çılğın və bir o qədər də intizamlı xarakterlərin topusundan ibarət məşqçilər korpusu.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti