Cavid Hüseynov tək qalıb.
Şamaxı publikası rayonun eyniadlı komandasından üz döndərib.
Rəsmi şəxsləri və sıravi azarkeşləri ilə. Ta nə onlar stadiona gəlir, nə də bunlar.
Bir tribunası olan stadiona baxırsan, dilxor olmamaq mümkün deyil. Vur-tut 10-15 nəfər görürsən, həmin adamlar da…
Çox düşünmədən iddia edərdim ki, o kəslər kimdənsə çəkinərək bura təşrif buyurub. Heç tamaşaçıya da oxşamırlar. Gec gəlib, tez gedirlər.
Belə vəziyyətdə «Şamaxı»nın tək buraxılması narahatlıq doğurur. Halbuki indi komandanın dəstəyə ehtiyacı daha çoxdur və meydana çıxan hər bir futbolçu alnının təriylə bunu haqq edir.
Yaxşı oyunlara davam - əsas odur ki, «Şamaxı» yerində saymır. Həmişəki mübarizliyi, xal qoparmaq istəyini «Zirə»yə də nümayiş etdirdilər.
Yaratdıqları qol epizodlarının sayı çox olmadı və yəqin ki, bu, zədəli kapitan Elvin Məmmədovun yoxluğu ilə əlaqədardır.
Mövsümün elə dövrüdür ki, əldə olunan hər xal «Şamaxı»nın çörəyinə yağ sürtür.
Qış fasiləsinə nisbətən yaxşı əhval-ruhiyyəyə yollanmaq və Premyer Liqada qalmaq uğrunda mübarizədə daha əzmli görünmək üçün. Dama-dama göl olar.
KAMİL

