Premyer Liqa klubuna belə "yazıq" baş məşqçi yaraşarmı?

20 Sentyabr 2021 09:40 Şamaxı 2 219
Premyer Liqa klubuna belə "yazıq" baş məşqçi yaraşarmı?

«Keşlə»nin Premyer Liqada biabıırçı çıxışı davam etməkdədir.

Paytaxt təmsilçisi ardıcıl 4-cü məğlubiyyəti dünən «Neftçi»dən aldı.

Paytaxt derbisini başıaşağı tərk edən sabiq «bankirlər» turnir cədvəlinin «zirzəmi»sində məskən salıb.

"Özümü günahlandırıram, bəlkə də o pula…"
"Hər dəfə uduzandan sonra nəsə danışmaq çətindir. Belə start gözləmirdik. Tamam fərqli ssenari gözləyirdik. Bəlkə məşqlər bizi aldatdı, bəlkə də transferlər yaxşı olmadı. Omar Qudiabi və Aldair Neto nəinki gözləntilərimizi qarşılayır, öz qapımıza qol vururlar. Buna görə özümü günahlandırıram. Bəlkə də o pula daha yaxşı oyunçular almaq olardı. Getmək asandır. Hər dəfə gözləyirsən ki, bəlkə düzələr. Rəqib "Neftçi" olsa da, məğlubiyyət pis təsir edir. Qol imkanlarından istifadə edə bilmirik. Üzərimizdə təzyiq var".

İstefa ərizəsi yazmaqdan qorxur
"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra göz yaşları axıdıb. Səhvlərin etirafı bəraət üçün əsas sayıla bilməz. Olan olub, amma ondan keçmək olmaz. Qurbanov hələ də «bəlkə düzələr» xəyalı ilə yaşayır. Yox, o, sadəlövh deyil, anlayır ki, buradan öz xoşu ilə getsə, bir də iş yeri tapmayacaq, unudulacaq, heç kimə lazım olmayacaq. Qurbanov bunu istəmir, çünki pul ona hədsiz şirin gəlir. Bu qədər imkanı var, lakin nəfsi bacarığına üstün gəlir. İstefa ərizəsi yazmaqdan qorxur, bilir ki, belə eləsə, «qal» sözünü eşitməyəcək.

"Rəhbərlik desə, getməyə hazıram"
41 yaşlı «mütəxəssis» istefa məsələsinin gündəmdə olduğunu gizlətməyib: "Ölkə kuboku təsadüfən qazanıldı" deyənlər sonradan heç nə yazmadılar. Hər məğlubiyyətdən sonra çamadan bir az da dolur, götürüb getməyə hazırlaşırsan. Bəzən həqiqəti yazırlar, bəzən də atmaca atırlar. Futbolda təsadüfi nəticə olmur. Rəhbərlik desə, getməyə hazıram. Pis oynamağımız heç kimi maraqlandırmır. Burada təzminat söhbəti gedə bilməz. Rəhbərlik deyir ki, Sənan, başını sal aşağı, işini gör. İstefa verməkdən qorxmuram. Bəlkə də yerimə məşqçi tapılandan sonra mənimlə vidalaşacaqlar".

Ceyhun Sultanovu da bu yolla "bitirib", başqalarını da
Gör, nə deyir! Bəli «Keşlə» kuboku qazandı. Qurbanovun özünə də yaxşı məlumdur ki, komanda yarımfinal mərhələsini kim(lər)in hesabına adladılar, kim(lər)in gücünə titulu əldə etdilər. Sənan bəy «Keşlə»də güc deyil, olmayıb da. Ondakı xarakter buna imkan vermir. Bir məşqçi kimi öz kölgəsindən qorxur, biliyi və savadı, xasiyyəti hesabına nəsə uğur qazanması qeyri-mümkündür. «Başını sal aşağı, işini gör» temasıına bax! Qurbanov işini görə bilir ki, hələ başını aşağı da salsın? O, ancaq danışır, yan-yörəyə söz atır. «Keşlə»dən kimin haqda mətbuatda 1 kəlmə yaxşı söz gedirsə, Qurbanov həmin dəqiqə onu «qaralayır», barəsində yalanlar uydurur, çalışır ki, rəhbərlikdə pis fikir formalaşdırsın. Ceyhun Sultanovu da bu yolla «bitirib», Azər Bağırovu da, Rəşad Sadiqovu da, başqalarını da.

"Bəlkə rəhbərliyin də yazığı gəlir ki…"
Qurbanov bildirib ki, komandanın üzərində böyük təzyiq var: "11 futbolçunun 6-sı axsayırsa, nəsə danışmağa dəyməz. Bəlkə də başqa futbolçuların üzərində dayansaydıq, belə olmazdı. Futbolçu topu itirirsə, nə edə bilərəm? Çıxış yolu var. Bəlkə də mənim gedişimdən sonra düzələcək. Yalvarıb, burada qalmaq fikrim yoxdur. Rəhbərlik arxamızda dayanıb. Görürlər ki, səhər tezdən bazaya gəlib, axşam gedirəm. Bəlkə rəhbərliyin də yazığı gəlir ki,bu səhərdən axşamadək işləyir, sadəcə, nəticə yoxdur. Meydanda hər şeyə baş məşqçi cavabdehdir. Hər şeyin ən yaxşısını etməyə çalışıram. Mənim üçün ikiqat ağırdır, amma mübarizə aparıram".

Nifərt və sevgi adamı
Bu açıqlamanı verən məşqçi uzağa gedə bilməz. Yalnıız burnunun ucundan o tərəfi görməyənlər belə vəziyyətlə üzləşər. Qurbanov komandada A-dan Z-yə hər kəsi cəzalandıranda, avqust ayının maaşından 10 faiz cərimə tutanda, başa düşmürdü ki, verdiyi bu qərar bumeranq kimi üzünə qayıdacaq? 11 futbolçunun 6-nın axsaması elə bu deməkdir də. Futbolçu onun arxasında dayanmayan baş məşqçini sevməz, ondan canını qurtarmaq istəyər. «Sumqayıt»lılar Ayxan Abbasovu niyə qəbullandı və sevdi? Ona görə ki, Abbasovun komandanı götürəndən sonra ilk işi oyunçuları qorumaq oldu. Ondan əvvəl Nazim Süleymanovun kəsdiyi cərimələrin rəhbərlik tərəfindən icrasına imkan vermədi, dedi ki, mən bura gəlmişəmsə, futbolçuların haqqı son qəpiyinədək ödənilməlidir. Abbasov sözünün üstündə dayandı, kəsilən cərimələri geri qaytarmağa müvəffəq oldu, hər iki tərəfin rəğbətini qazandı və indi də tam sərbəst, ürəyi istədiyi kimi çalışır.

Şəri məndən uzaq olsun!
Qurbanov «Keşlə»nin qapısından içəri keçdiyi gündən etibarən düşmən axtarışına çıxıb. Kim onunla bir qədər soyuq salamlaşdı, kim məşqdən sonra çay süfrəsi arxasına dəvət etmədi, kim rəhbərliklə isti görüşdü… İş-gücü ancaq bu kimi məqamlara diqqət yetirmək olub. 10 aya yaxındır «Keşlə»dədir, hələ 1 nəfərin simpatiyasını qazanmayıb. Görən yaxın gəlmir ki, şəri məndən uzaq olsun. Bu boyda nifrəti qazanmaq üçün «lindən gələni «beş qaba çəkib», indi də oturub gözləyir ki, bəlkə rəhbərliyin ona yazığı gəlsin. «Heç nədən qorxmuram» söyləyən şəxs də özü haqda «yazıq» kəlməsini işlədərmi heç? Demək, Qurbanov, əslində, məşqçi olmadığını başa düşür, odur ki, çalışdığı peşəni adi işçi səviyyəsinə endirir. Səhərdən-axşamadək bazada qalmaqla rəhbərliyin gözünə girə biləcəyin düşünən biri, doğrudan da, yazıqdır. Bu cür miskin görkəm alandan məşqçi nədir, heç məşqçi çubuğu da çıxmaz.

"Bunu görəndə dəli oluram"
O, yeni transferlərin alınmasında tələskənliyə yol verdiklərini söyləyib: "Bəzi futbolçular 2-3 min manatın söhbətini etdilər. Oyunda elementar şeyləri edə bilmirik. Bunu görəndə dəli oluram. Bu gün topu rəqibdən alıb, qapımıza qol vurduq. Mən futbolçuya "filan yerə qaç" deyirəm, o, başqa yerə qaçır".

Bilirik, zilə çıxmayın, Qurbanov!
Hara tələsirdiz, niyə tələsirdiz, Sənan müəllim? Bir kəlmə də bu barədə deyin, qoy, ictimaiyyət əsld həqiqəti bilsin. Hə, deyə bilmirsiz, deyə bilməzsiz axı. Deməssiz ki, indi ağız büzdüyünüz legionerləri 2-3 ay qabaq hansı menecerlər vasitəsilə gətirmisiz. Dostlarınızdır, yaxınlarınızdır, dəli olmayın. Onları da dəli etməyin. Yoxsa sizi 2-3 ay əvvələ qaytararlar ha… Nə demək istədiyimizi, yəqin ki, anladız. Zilə çıxmayın, Qurbanov!

"Artıq özümü də yükləmişəm"
Qurbanovun sözlərinə görə, bəzi oyunlarda yaxşı oynasalar da, uduzublar: "Bütün bunları analiz zamanı futbolçulara deməliyəm. Onda isə futbolçu səhvini düzəltmək əvəzinə psixoloji gərginliyə düşür. Məğlub olduqca, vəziyyət daha da gərginləşir. Bəlkə də desəm ki çıxın özünüz oynayın, başqa cür olar. Çalışırıq ki, müxtəlif üsullarla futbolçuları hazırkı durumdan çıxaraq. İşim-gücüm araşdırmaq, kitab oxumaqdır. Məsələn, "Arsenal"ın baş məşqçisi Mikel Arteta deyir ki, hər şey normaldır, səbr etmək lazımdır. Problemi yalnız meydanda həll etmək olar. Heç bir futbolçu bazaya məndən tez gələ bilməz. Pozitiv kinolara belə, əl atmışıq ki, futbolçuları mübarizə aparmağa öyrədək. Artıq özümü də yükləmişəm. Neqativi kənara atıb pozitiv düşünməli, daha intensiv işləməliyik. Çıxış yolumuzu bunda görürəm".

Paltardəyişmə otağında "sirk" açmaq lazım deyildi
Hər kitab oxuyandan Mirzə Fətəli Axundov olmaz. Hər kinodan da ibrət götürmək də olmaz. Nümunə məşqçinin özüdür. Qurbanov futbolçuların üzünə gülüb, rəhbərliyin qəbulunda arxalarınca danışırsa, belə «kino»nu kimsə dinləməz, kimsə ciddiyə almaz. Quyuya su tökməklə quyu sulu olmur, bəy! Gedin, bu nağılları başqa yerdə danışın, futbolçuları psixoloji basqı altında saxlayan da sizsiz, onları komanda olmağa imkan verməyən də. Paltardəyişmə otağında «sirk» açmaq lazım deyildi, vəzifə sahiblərindən biri futbolçuya «ə, sən niyə belə oynayırsan» sualı verəndə, ona yerini başa salmaq kifayət idi ki, indi bu vəziyyətə qalmayasan.

"Onun yerində mən olsaydım…"
Qurbanov istədiyi oyun üslubundan əl çəkməyəcəklərini bildirib: "Futbolçularımız test olaraq optimal formadadırlar. Sadəcə, taktiki səhvlərimiz var. Birinci hissədə kompakt müdafiə olunurduq. Hamı bir-birini sığortalayırdı. Amma bir anda unutdular ki, rəqibi 3-cü yox, 2-ci zonada qarşılamalıyıq. Qoladək iki epizodumuz var idi. Netonun yerində mən olsaydım, həmin qolu vurardım".

Futbolçularını "ayağa verir"
Sənan Qurbanov vaxtilə hücumçu mövqeyində çıxış edib. Müxtəlif klubların formasını geyinib, gəl ki, özünü məhsuldar hücumçu kimi təsdiqlədə bilməyib. Onunla bir komandada oynamış istənilən futbolçudan soruşan olsa, Qurbanovun baməzə hərəkətlərindən istənilən qədər əhvalat danışar, nəinki hücumçu keyfiyyətləri barədə. Düzdür də, olmayan bir şeydən nədən danışsınlar? Ancaq baxın, vaxtilə məşqçilərdən hər cür danlaq eşitmiş Qurbanov bu gün futbolçularını «ayağa verir». Ondan ötrü ki, özü sudan quru çıxsıın. Mətbuat vasitəsilə komandasının zəif cəhətlərini el-aləmə car çəkən Qurbanov, görəsən, məşqçinin riayət eiməli olduğu adi etiket qaydalarını nə vaxt öyrənəcək? Buradan bir daha yüzdəyüz aydın olur ki, o, kollektivlə öz arasındakı bütün mənəvi bağları qoparıb, «körpüləri yandırıb». Məşqçilik peşəsinə 1 qram hörməti olsa, bu açıqlamalardan sonra yeni hekayə axtarışına çıxmaz, gedər. Bunu da eləmir, görürsüz. Hər ay aldığı 6-7 min manatdan imtina etmək onun gözünə dünyanını sonu kimi gəlir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 12:40 "Qarabağ" SUSDU