Naci Şensoy Azərbaycan futbol ictimaiyyəti üçün sevilən simadır.
Türkiyəli mütəxəssisin səsləndirdiyi fikirlər və verdiyi açıqlamalar hər zaman diqqət çəkir, bəzən isə geniş rezonans doğurur.
Şensoyla uzun müddətdir söhbətləşmirdik.
Bu dəfə onunla əlaqə saxlamağımızın məqsədi Azərbaycan futbolunun hazırkı vəziyyəti, klublarımızın avrokuboklardakı çıxışı, Premyer Liqanın səviyyəsi və, təbii ki, onun vaxtilə çalışdırdığı “Turan Tovuz”la bağlı suallara cavab tapmaq idi.
Əlaqə saxladıq, söhbətləşdik. Səmimi və kifayət qədər maraqlı müsahibə alındı.
- Necəsiniz? İşləriniz necə gedir?
- Şükürlər olsun, hər şey qaydasındadır. Hazırda bir qədər dincəlirəm.
- Sonuncu dəfə “Laçi”ni çalışdırırdınız, deyəsən…
- Bəli, ötən mövsüm Albaniyada çalışırdım. “Laçi” bir il əvvəl Avropada çıxış etmiş, lakin sonradan aşağı liqaya düşmüşdü. Məni ötən ilin oktyabrında komandaya dəvət etdilər. Gəldikdən sonra çox yaxşı nəticələr əldə etdik və mövsümü məğlubiyyətsiz başa vuraraq yüksək liqaya çıxardıq.
- Niyə ayrıldınız?
- Klub rəhbərliyi fəaliyyətimi davam etdirməyimi çox istəyirdi. Lakin mən getmək qərarını verdim. Çünki eyni uğuru növbəti mövsümdə də təkrarlaya biləcəyimə əmin deyildim. Komandanın büdcəsi məhdud idi. İstedadlı iki gənc futbolçunu satdılar, lakin onların yerinə eyni səviyyədə oyunçular cəlb etmədilər. Düşündüm ki, əgər bir neçə aydan sonra komandanı tərk etmək məcburiyyətində qalacağamsa, ümumiyyətlə yeni mövsümə başlamamaq daha yaxşı olar. Çünki əldə etdiyim bu möhtəşəm nəticənin – komandanı heç bir məğlubiyyət almadan aşağı liqadan çıxarmağımın – kölgədə qalmasını istəmirdim.
- Nə əcəb işsizsiniz?
- Hazırda bir qədər dincəlirəm. Balkanl ölkələrindən 5-6 təklif var idi, amma heç birini qəbul etmədim. Bunun da səbəbləri var. Hədəfi və strategiyası olmayan klubda işləmək istəmirəm. Allah qoysa, Azərbaycanda çalışmağı da çox istəyərəm. Bunun üçün isə təbii ki, Azərbaycandan dəvət gəlməlidir.
- Azərbaycan futbolu, klubları Türkiyədən necə görünür?
- Bu barədə danışanda ilk növbədə keçmişi xatırlamaq lazımdır. “Turan” da Vidadi Əhmədovla birlikdə çalışdığımız dövrlərii yəqin ki, xatırlayırsınız. Həmin günləri heç vaxt unutmuram. O vaxt çox çətin şərait idi. İlk gündən Vidadi Əhmədovla birlikdə bütün məsuliyyəti üzərimizə götürdük, sözün əsl mənasında, “əlimizi daşın altına qoyduq”. Sonrakı illərdə Vidadi bəy Azərbaycanda, xüsusilə də müəyyən ictimai və siyasi proseslər fonunda, bir nümunəyə, bir işığa çevrildi. Çünki Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu yalnız siyasi müstəvidə dünyaya anlatmaq kifayət qədər çətin idi. Bunun üçün idmandan tutmuş incəsənətə qədər müxtəlif sahələrin iştirakı ilə genişmiqyaslı mübarizə aparmaq lazım idi.
- Razıyam.
- Bu mübarizədə idmanın rolunu da kiçik hesab etmək olmaz. Xüsusilə “Qarabağ”ın Avropada qazandığı uğurlar bu baxımdan böyük əhəmiyyət daşıyır. Vidadi Əhmədovun “Turan”la başladığı işlər sonradan “Azərsun” və “Qarabağ”da da davam etdi. Uğurlu nümunə oldu deyə bilərəm. “Qarabağ” Çempionlar Liqasında Azərbaycanın adından çıxış etdi. Bu, Azərbaycan üçün çox böyük bir tanıtım vasitəsinə çevrildi. Hesab edirəm ki, hətta Xarici İşlər Nazirliyinin imkanları ilə belə, idmanın yaratdığı bu səviyyədə beynəlxalq tanıtımı həyata keçirmək asan deyil.
- “Qarabağ”ın adının qarşısındakı Azərbaycan və Ağdam sözlərini nəzərdə tutursunuz yəqin.
- Bəli-bəli. “Qarabağ” bu illər ərzində Azərbaycanın adını dünyanın müxtəlif ölkələrində səsləndirdi. Bununla da insanların şüurunda belə bir assosiasiya formalaşdı - “Qarabağ” deyəndə Azərbaycanın futbol komandası yada düşməlidir. Komandanın adındaAğdamın olması da xüsusi əhəmiyyət daşıyır. Yəni “Qarabağ” artıq təkcə futbol klubu deyil, Azərbaycanın beynəlxalq səviyyədə tanınmasına xidmət edən mühüm platformalardan birinə çevrilib. Məncə, idmanın bu baxımdan gördüyü işi və yaratdığı təsiri kiçik qiymətləndirmək olmaz. Bunu düşünəndə, Azərbaycan futbolunun bugünkü səviyyəyə çatmasında ölkə rəhbərliyinin rolunu da qeyd etmək lazımdır. Bu uğurlar münasibətilə Azərbaycan dövlətinin rəhbərliyini təbrik etmək lazımdır. Təbii ki, Prezident İlham Əliyevin də bu prosesdə rolunu xüsusi qeyd etmək olar. Çünki söhbət kompleks şəkildə aparılan mübarizədən gedir. Bunları deməklə özümü və ya Vidadi Əhmədovu ön plana çıxarmaq kimi qəbul etməyin. Sadəcə, həmin çətin illərdə Azərbaycan futbolunun bu günlərə gəlib çatmasının təməlini atan insanlardan olduğumuzu düşünürəm.
- Ötən mövsüm “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində çıxış etdi, bu il isə “Sabah” eyni uğuru təkrarladı. Azərbaycan futbolunun Avropada özünə müəyyən yer qazandığını demək olar, yoxsa bunun üçün hələ zaman lazımdır?
- Açıq danışım. Türkiyədə bəzən bu hadisələrə bir qədər meqaloman yanaşılır. Diqqət etsəniz, sosial media səhifəmdə hər zaman Azərbaycan klublarının uğurlarına xüsusi diqqət yetirirəm və bunu daim vurğulayıram. Hesab edirəm ki, Azərbaycan klubları Türkiyə klubları üçün müəyyən mənada nümunə olmalıdır.
- Nə mənada?
- Çünki “Qarabağ” məhdud maliyyə imkanları ilə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlir. Eyni şeyi “Sabah” üçün də demək olar. “Sabah”ın büdcəsi nə qədərdir? Qoy olsun 30-40 milyon avro.
- O qədər deyil. Maksimum 20 milyon.
- Deyək ki, 20 milyon. Hətta 30-40 milyon olsa belə, gəlin bunu böyük rəqəm kimi qəbul edək. Amma Türkiyənin aparıcı klublarının büdcələri ilə müqayisədə söhbət yüz milyonlarla vəsaitdən gedir. Məsələn, “Fənərbağça” 350 milyonluq büdcə ilə Çempionlar Liqasının əsas mərhələsinə yüksələ bilmədi. Ona görə də məsələyə yalnız maliyyə prizmasından yanaşmaq düzgün deyil. Mən bunları daim öz sosial media səhifəmdə vurğulayıram. Məncə, Türkiyənin Azərbaycana və Azərbaycan futboluna baxışında müəyyən qədər yuxarıdan yanaşma var. Mən də çalışıram ki, bu yanaşmanı dəyişməyə, hadisələrə daha real baxmağa diqqət çəkim. Çünki reallıq budur - böyük büdcə vacib amildir, amma hər şeyi həll etmir.Artıq Türkiyənin idman mediasında da bunun yavaş-yavaş qəbul edildiyini görürəm. “Sabah”ın Çempionlar Liqasına yüksəlməsi, Azərbaycan klublarının Avropada əldə etdiyi nəticələr göstərir ki, futbolda pul çox şeydir, amma hər şey deyil. Bunu qəbul etmək lazımdır.
Mən bunu Türkiyədə daim deyirəm: türklər türkcə danışırlar, amma ərəb düşüncəsi ilə hərəkət edirlər. Mən bu fikri tez-tez səsləndirirəm.
- Ərəblər necə düşünür ki?
- Ərəb futbolunda milyardlar dövr edir. Kriştiano Ronaldo kimi dünya ulduzunun sayəsində ölkəyə və futbola diqqət çəkməyə çalışırlar. Ərəblər bunu ona görə edirlər ki, buna ehtiyacları var. Futbolu cəmiyyətdə daha da populyarlaşdırmağa, müəyyən sosial dəyişikliklərə nail olmağa. Məsələn, Səudiyyə Ərəbistanında artıq qadınların stadionlara buraxıldığını görürsünüz. Mən orada çalışmışam, “Najran” klubunda işləmişəm və həmin dövrdə qadınların cəmiyyətdəki vəziyyətinin heç də ürəkaçan olmadığının şahidi olmuşam. İndi isə tədricən islahatlar aparılır. Onların belə addımlara ehtiyacı var. Ronaldo və digər dünya səviyyəli futbolçuların Səudiyyə Ərəbistanına gətirilməsi də bu prosesin bir hissəsidir. Məqsəd futbolu daha da tanıtmaq və cəmiyyətdə bu idman növünə marağı artırmaqdır. ABŞ-da da müəyyən mənada oxşar proses baş verdi. Orada uzun müddət futbol digər idman növlərinin, xüsusilə amerikan futbolu və beysbolun kölgəsində qalmışdı. Lakin Pelédən başlayaraq, daha sonra Messi kimi dünya şöhrətli futbolçuların ABŞ-a gəlməsi bu idman növünə marağın artmasına təsir göstərdi. Tədricən futbol ABŞ-da daha geniş auditoriya qazandı. Bu gün artıq ABŞ milli komandası əvvəlki dövrlərlə müqayisədə daha ciddi futbol layihəsinə çevrilib. Yəni futbol tarixində belə nümunələr var. Əvvəllər həmin ölkələrdə bu oyuna böyük maraq yox idi, sonradan müxtəlif vasitələrlə futbolu insanlara sevdirdilər. Səudiyyə Ərəbistanında da hazırda buna bənzər proses gedir.
- Türkiyə futbolunun bu yolla populyarlıq qazanmasına gərək yoxdur axı. Millinin 2002-cildəki dünya üçüncülüyü, “Qalatasaray”ın 2000-ci ildə UEFA kubokunu qazanması futbolu yetərincə tanıdıb və sevdirib.
- Mən də onu deyirəm ki, Türkiyənin buna ehtiyacı yoxdur. Azərbaycanın isə ümumiyyətlə ehtiyacı yoxdur. Türkiyədə daim bahalı transferlərə, böyük adlara üstünlük verilməsi mənim şəxsi dünyagörüşümə uyğun deyil. Mən Atatürkçü düşüncəyə sahib olduğum üçün məsələyə bir qədər fərqli baxıram və açıq danışmaq lazımdırsa, bu yanaşma mənim xoşuma gəlmir.
- Burada başqa bir məsələ də var. Azərbaycan klublarının Avropada qazandığı uğurlarda legioner futbolçuların danılmaz rolu var. Belə deyim, pul və ağıllı siyasət nəticəsində klublarımız adından söz etdirir. Di gəl, bacarıqlı yerli futbolçu sarıdan korluq çəkirik. Türkiyədə isə yerli futbolçular yetişir, milli səviyyəsində xoş təsir bağışlayır, Avropanın aparıcı liqalarına üz tuturlar. Yerli oyunçuların yetişməsi, milli komandanın nəticələri baxımından Azərbaycan niyə Tütkiyə ola bilmir?
- Bu suala bütövlükdə, yalnız bir faktorla, yəni bir səbəblə cavab vermək mümkün deyil. Bu, kompleks məsələdir. Məsələn, həm siyasi, həm idman, həm də mədəni-sənət baxımından. Qarabağı dünyaya tanıtdıq ki, Azərbaycanın torpağıdır və sonda da haqqımızı aldıq. Eyni şəkildə Azərbaycan futboluna da baxmaq lazımdır. Baxın, mən əslən kosovoluyam. Orada doğulmuşam, orada futbol oynamışam. 1987-ci ildə Kosovadan Türkiyəyə gəldim. Burada 5 il futbol oynadım, sonra məşqçiliyə başladım və hələ də Türkiyədə yaşayıram. Mən türkəm. Çox şükür, Kosovo türküyəm. Kosovada, bildiyiniz kimi, əhalinin 90 faizi albanlardır, amma Osmanlıdan qalma bir qrup türk də yaşayır, xüsusilə Priştina şəhərində. Demək istədiyim budur ki, Kosovonun əhalisi cəmi 1,5 milyondur. Gördünüz yəqin, Kosovo dünya çempionatına vəsiqə uğrunda Türkiyə ilə birbaşa mübarizə aparırdı. Bir tərəfdə 1,5 milyonluq Kosovo, digər tərəfdə 8-10 milyonluq Azərbaycan. Kosovo, Gürcüstan və ya Azərbaycandan daha kiçik ölkələrlə müqayisə etdikdə də görürsünüz ki, burada həqiqətən problem var. Dövlət, Gənclər və İdman Nazirliyi bununla bağlı çox ciddi araşdırma aparmalı, səbəbləri müəyyənləşdirməlidir. “Turan”da işlədiyim ilk dövr yadınızdadır?
- Əlbəttə, yadımdadır. 2004-05 mövsümündə çempionluq uğrunda amansız mübarizə gedirdi və rəhbərlik etdiyiniz komanda sezonu 4-cü pillədə başa vurmuşdu.
- Ay sağ ol! Vidadi Əhmədovla işlədiyim dövrdə və ondan sonra mərhum Tahir Yusifovla çalışdığım vaxt “Turan”da U-21 millinin beş futbolçusu yer almışdı. Kamran Ağayevi 19 yaşında meydana buraxdım. Hətta çox yaxşı xatırlayıram, “İnter”ə qarşı oyunda 3:4 hesabı ilə məğlub olmuşduq və Kamran çox pis qollar buraxmşdı. Oyundan sonrakı mətbuat konfransında jurnalist mənə sual dedi ki, “Kamrana şans vermisiniz, komandan yaxşı oynadı, amma qapıdakı uşaq pis qollar buraxdı”. Mən də dedim: “Bunu bir yerə yazın. Nə qədər təəssüf doğursa da, biz bir gün Azərbaycandan ayrılacağıq, amma Kamran Ağayev Azərbaycan futboluna 15 il xidmət edəcək”. Elə də oldu. Təkcə Ağayevin karyerasına baxmaq kifayətdir. Deməli, cəsarətli olmaq lazımdır. Qardaş, bu iş cəsarətsiz olmaz. Bir çox hallarda əcnəbilərə çox oynamaq imkanı verirlər. Bir az risk etmək, gənc futbolçunu sınamaq lazımdır.
- Şans verirlər, amma istəyərək yox, sanki məcburiyyətdən.
- Məşqçilər, xüsusilə azərbaycanlı məşqçilər bu məsələdə daha cəsarətli olmalıdırlar. Ehtiyac varsa və seçim arasında qalmısansa, yerli futbolçuya şans verməlidirlər. Əgər həmin futbolçunun potensialı varsa, onu meydana buraxmaqdan çəkinməməlidirlər. Bizim vaxtımızda da kifayət qədər təcrübəli futbolçular var idi. “Turan”da Özbəkistan millisinin təcrübəli qapıçısı Oleq Belyakov oynayırdı. Oleqi oynada-oynada yanında bir istedad, bir potensial görürdük. Ona görə də heç çəkinmədən, çox cəsarətli şəkildə Kamran Ağayevin yolunu açmışdıq. Daha nələr, nələr… Ayxan Abbasov cavan idi, küçədən götürdük, qardaş. Oynadı, təcrübə topladı, yetişdi. Bu gün isə Azərbaycan millisinin baş məşqçisidir. Bir az cəsarətli olmaq lazımdır.
HƏBİB ASLANOV
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub

