“Mən ilk dəfəydi Azərbaycanda belə azarkeşlərin qarşısında oynayırdım”

16:40 Futzal 160
“Mən ilk dəfəydi Azərbaycanda belə azarkeşlərin qarşısında oynayırdım”

Gəncə şəhər stadionunda növbəti dəfə möhtəşəm ab-havaya şahidlik etdik.

“Kəpəz”in nəticələrində qeyri-sabitlik müşahidə olunsa da, Premyer Liqaya ac olan azarkeşlər stadionun yolunu tutur, sevimli komandalarını sona qədər dəstəkləyir.

Və bu hal Gəncəyə səfər edən qonaq futbolçuları sözün yaxşı mənasında təəccübləndirir.

Sportinfo.az-a danışan “Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadə Nizami yurdunda gördüklərini şərh edərkən gördüyü mənzərədən ağızdolusu danışıb:

“Əslində, belə olacağını gözləyirdik. Çünki əvvəlki matçların videogörüntülərində ab-havanı görmüşdük.

Bilirdik ki, rəqib azarkeşlərin qarşısında bizə çətin olacaq. Görmək başqa, hiss etmək başqa.

Futbola rənmg qatan azarkeşlərdir. Fərqi yoxdur, rəqib azarkeşlərdir, ya öz azarkeşlərimiz.

Önəmli olan tribunalardakı ab-havadır. Bu cür atmosfer istənilən futbolçuya əlavə motivasiya verir.

Həm bizim, həm də rəqibin azarkeşləri 90 dəqiqə susmadı. İlk dəfəydi Azərbaycanda belə azarkeşlərin qarşısında oynayırdım.

Sözün yaxşı mənasında təəccübləndim. Həqiqətən də qeyri-adi mənzərə idi. Yaxşı olardı ki, belə stadionların və azarkeşlərin sayı çox olsun”.

25 yaşlı futbolçu komandasının meydanı 1 xalla tərk etməsinin günahını özlərində gördüyünü də açıq şəkildə etiraf edib:

“Hər iki komanda qələbə qazana bilərdi. Onların da yaxşı imkanları oldu, bizim də. 1:0-dan, hətta 1:1-dən sonra fürsətləri dəyərləndirsəydik, nəticə fərqli ola bilərdi. Şansları dəyərləndirməliyik ki, qalib gələk”.

6 turdan sonra aktivində 2 xal olan “Sumqayıt” “Araz-Naxçıvan”la birlikdə son iki pilləni bölüşür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti