”Klubun rəhbəri yaxşı insandır, mənim üçün qərar vermək çox da çətin olmadı”

17:40 Region Liqası 166
”Klubun rəhbəri yaxşı insandır, mənim üçün qərar vermək çox da çətin olmadı”

Azərbaycanda yeni yaradılan «Təkan»FK-nı kimin çalışdıracağı dəqiqləşib.

Bakıda fəaliyyət göstərəcək və Region Liqasında mübarizə aparacaq klub sükan arxasına Zeynalabidin Hüseynovu gətirib.

Bu, onun sərbəst çalışacağı ilk iş yeridir. Hüseynov indiyədək müxtəlif yerlərdə baş məşqçinin köməkçisi olub.

Futbolçu karyerası zamanı U-17 yığmasının kapitanı sarğısını daşıyıb. Premyer Liqada «Şahdağ», «Gənclərbirliyi» və MOİK-in formasını geyinib.

Zeynalabidin Hüseynov yeni iş yeriylə bağlı Sportinfo.az-a açıqlama verib:

“Təkan”dan təklif yayda gəldi. Təklifi mənə vaxtilə yüksək liqada oynamış Rafael Qəvami etdi.

Açığı, həmin dönəmdə mənə kifayət qədər təklif var idi. Həm əvəzedici komanda səviyyəsində, həm də akademiyalardan təkliflər almışdım.

Rafael müəllim mənə zəng edib dedi ki, əvvəlcə gəlib görüşək, ətraflı söhbət edək, sonra qərarını verərsən. Bizim görüşümüz kifayət qədər uzun çəkdi.

Həmin görüşdən sonra mənim ”Təkan”la bağlı fikrim çox dəyişdi. Rafael müəllim məni inandıra bildi ki, klubun rəhbəri həqiqətən ciddi, işinə məsuliyyətlə yanaşan və ən əsası, yaxşı insandır.

Daha sonra klubun rəhbəri ilə görüşdük. Görüş zamanı gördüm ki, həqiqətən həm insan kimi çox yaxşı keyfiyyətlərə sahibdir, həm də futbolla bağlı böyük hədəfləri var.

Ən vacibi isə bizim fikirlərimiz və futbola baxışımız üst-üstə düşdü. Ona görə də mənim üçün qərar vermək çox da çətin olmadı”.

Digər Xəbərlər
Xəbər Lenti