"Problemli məqamlardan biri də odur ki, bəzən milli komandalara səviyyəsi yetərli olmayan, yalnız müəyyən tapşırıqlar çərçivəsində çağırılan futbolçular dəvət edilir".
Bu açıqlamanı bir neçə ay əvvəl AFFA-nın baş katibi Cahangir Fərəcullayev vermişdi.
Baş katibin dilə gətirdiyi problem, açıqlama nə qədər sərt səslənsə də, həqiqəti özündə ehtiva edirdi.
Çünki uzun illərdir aşağı yaş millilərinə layiq olmayan futbolçuların dəvət olunması futbol ictimaiyyətində geniş müzakirə olunur, valideynlərin və məşqçilərin narazılığına səbəb olurdu.
Əksər hallarda klublar da şikayət edir, narazılıq bildirirlər ki, layiq olduqları halda onların futbolçuları milliyə dəvət olunmur.
Artıq AFFA tərəfindən məhz bu problemlərin aradan qaldırılması istiqamətində əməli addım atılıb.
Belə ki, təxminən 10 nəfərdən ibarət qrup yaradılıb.
Burada yeni idman direktoru ilə yanaşı, Məşqçilər Komitəsinin və seleksiya şöbəsinin nümayəndələri, müxtəlif səviyyələrdə təcrübəyə malik mütəxəssislər yer alır.
Bu şəxslər seçimlərdə şəxsən iştirak edir və 13, 14, 15, hətta 16-17 yaşadək milli komandalar üçün keçirilən bütün seçimləri izləyirlər.
Eyni zamanda, klublara və kənarda fəaliyyət göstərən futbol məktəblərinə tövsiyə olunur ki, istedadına və bacarığına güvəndikləri, milli komandaya kömək edə biləcəyini düşündükləri futbolçuları seçimlərə gətirsinlər. Onların seçimlərdə iştirakına heç bir məhdudiyyət yoxdur.
Hazırda seçimlər "Bayıl Arena"da keçirilir. Bəzən bir yaş qrupu üzrə seçimlərə 100-ə yaxın futbolçu qatılır. Onların arasından ən yaxşıları müəyyənləşdirilərək qeyd etdiyimiz aşağı yaş qrupları üzrə milli komandalara cəlb olunur.
XANOĞLAN/ SPORTİNFO.AZ
