Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun Tacikistanla yoldaşlıq oyunundakı çıxışı Türkiyədə maraqla qarşılanıb.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, “Bursaspor”un cinah oyunçusu performansı ilə hər kəsi təəccübləndirib.
Bildirilib ki, I Liqa klubunda uğursuz çıxışı ilə yadda qalan 24 yaşlı futbolçu Tacikistanla qarşılaşmanın ən yaxşısı olub.
Start heyətində meydana daxil olan Bayramov 58-ci dəqiqədə cərimə zərbəsindən vurduğu möhtəşəm qolla komandamıza 1:0 hesablı qələbə qazandırıb.
Matçda 77 dəqiqə meydanda olan Toralın yığmadakı oyunu “Bursaspor”dakı durumuna da təsir göstərə bilər. Türkiyəlilər ondan fərqli dönüş gözləyirlər:
“Yeni transfer olunduğu “Bursaspor”da ümidləri doğrultmayan Toral millisində möhtəşəm oyun sərgilədi.
Bu cür performansın ardından onun “Bursaspor”a daha yüksək motivasiyada dönməsi gözlənilir. Belə olarsa, klubundakı durumu da yaxşılaşar və yenidən əsas heyət üzvünə çevrilər”.
Millimiz UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.
