“Bu yay “Neftçi”də çoxsaylı dəyişiklər baş verib və komandanın hazırkı vəziyyətini obyektiv qiymətləndirmək üçün zamana ehtiyac var”.
Beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş “Asadov Pro Bridge”in rəhbəri Emil Əsədov Sportinfo.az-a açıqlamasında belə deyib.
FIFA lisenziyalı futbol agentliyinin başçısı paytaxt klubunun Premyer Liqanın ilk altı həftəsindəki çıxışını dəyərləndirib.
Tanınmış menecer “ağ-qaralar”ın mövsümlərarası fasilədə böyük islahatlar apardığını diqqətə çatdırıb, bununla belə, qeyd edib ki, bəzi cavabsız suallar hələ qalmaqdadır:
“Demək olar ki, bütün mövqelərə yeni futbolçular alınıb. Bu qədər dəyişiklikdən sonra vahid oyun sisteminin formalaşması və futbolçular arasında uyğunlaşmanın yaranması qısa müddətdə mümkün deyil.
Yeni hücumçunun “Neftçi” üçün uyğun seçim olmadığını düşünürəm. Bu qənaətə onun əvvəlki göstəriciləri və mövcud dataları əsasında gəlmişəm.
Lakin futbol yalnız statistikadan ibarət deyil və zaman həmin hücumçunun komandaya nə dərəcədə faydalı ola biləcəyini daha düzgün göstərəcək.
Əsas narahatlıq yaradan sahələrdən biri mərkəz müdafiəsidir.
Əgər klubun real məqsədi çempionluq uğrunda mübarizə aparmaqdırsa, müdafiə xəttinə liderlik edə bilən, oyunu düzgün oxuyan, komandanı idarə edən və təzyiq altında məsuliyyət götürən səviyyəli mərkəz müdafiəçisinin transferi vacib idi“.
