“Keşlə”dəki “ağıl sahibləri” - XATIRLATMA

16 Sentyabr 2021 20:00 Şamaxı 736
“Keşlə”dəki “ağıl sahibləri” - XATIRLATMA

Yayda Avropa Konfrans Liqasında “Soçi” önündə biabır olan (0:3, 2:4) “Keşlə”, çempionata da uğursuz başlayıb.

AFFA-dan maliyyələşən, normal büdcəyə sahib, heyətində 7 legioner saxlayan “qırmızılar”ın Premyer Liqada keçirdikləri 3 oyundan sonra “xal” bölməsindəki rəqəm 0-dır.

Uğursuzluğun səbəbini öyrənmək, komandadaxili ab-havanın hansı vəziyyətdə olduğunu dəqiqləşdirmək üçün təcrübəli futbolçulardan biri ilə danışmaq istəyirdik.

Daim mətbuata açıq olan, səmimiyyəti ilə tanınan həmin futbolçu klub rəhbərliyinin açıqlama və müsahibə verməyə qadağa qoyduğunu deyib, üzrxahlıq etdi.

Və bu qərar klubdakı əsas söz sahiblərinin hansı ağıl sahibi olduğunu göstərir. Dünya təcrübəsində bu cür hallar yaşananda klub saytında hansısa tanınmış futbolçunun açıqlaması yer alır.

Azarkeşlərdən səbrli olmaq xahiş olunur, durumun ən qısa zamanda yaxşıya doğru dəyişəcəyi bildirilir.

“Keşlə”də nəinki hansısa futbolçunu irəli verib, söz deməsinə şərait yaratmırlar. Adamlar müsahibə verməyə qadağa qoymaqla bir növ içinə girdikləri zibili təpikləyib, bir az da iylənməsinə şərait yaradırlar.

Ey “futbol biliciləri”, belə olmaz! Tutduğunuz mövqe kökündən yanlışdır.

Quyuya düşmüsüzsə, imkan verin, baş məşqçiniz, futbolçularınız, yox, onlara bu şəraiti yaratmırsızsa, özünüz ortalığa çıxıb danışın, izah edin, açıqlama verin. Jurnalistin işi araşdırmaq, danışdırmaq, bununla da oxucuları məlumatlandırmaqdır.

Sizin borcunuz isə danışmaq, yaşananlara izah verməkdir.

Yox, məqsədiniz klubun büdcəsini lazımsız transferlərlə məhv edib, sakit durmaqdırsa, başqa məsələ. Çox güman ki, belədir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?