«Keşlə» son 4 oyunda meydanı məğlub tərk edib.
Öncə «Soci»yə Soçidə və Bakıda yenik düşüb, Konfrans Liqas ilə ilkin mərhələdə vidalaşdılar.
Ardı isə Premyer Liqada gəlməkdədir. «Sumqayıt»dan sonra «Qəbələ» də Sənan Qurbanova uğursuzluğın acısını dadızdırdı.
Belə görünür ki, seriya Qəbələdə bitməyəcək, davamı gələcək. Gələcək, özü də necə gələcək! Bir-birinin arxasınca, dabanbasma.
Bəs «Keşlə»nin darvazası qarşısnda nə zaman toy olacaq? Sənan Qurbanov buradan «Vağzalı»sız yola salınanda. Adəm övladı futbolçuları elə haldan salmayıb ki, onlardan bir daha komanda düzəldə bilsin.
«Keşlə» oyundan-oyuna geriləyir. «Soçi» ilə cavab qarşılaşmasında «Sumqayıt»la açılış turundan yaxşı mübarizə aparmışdılar.
Qəbələ səfərində göründü ki, demə, «Sumqayıt» önündə əməlli-başla futbol nümayiş etdiriblər. Bu minvalla, Qurbanov özünü məhəllə futbolunda sınayacaq, məşqçi bacarığının olub-olmamasını o tərəflərdə yoxlaması lazım gələcək.
Dəli şeytan deyir ki, daha Qurbanovu istefa ərizəsi yazmağa tələsdirmə.
Dəyirman öz işindədir. Özü özünü inandırıb ki, hələ irəlidə çoxlu vaxtı var, yerə düşmüş daşlardan yenə bir divar quracaq.
Bu da onun görüntüsüdür. Nə deyək, səhvlərini bilmək, aradan qaldırmaq istəmir. Onu da anlamaq istəmir ki, düşərgədəki çoxluq ondan xoşlanmır, gün sayır.
Ki, görən, bu nə vaxt çıxıb gedəcək?
Doğrudanmı, Qurbanov komandasının oyunundan heç nə hiss etmir, buraxılan səhvləri görmür, bunlar ona nəsə demir?
SPORTİNFO.AZ

