"Keşlə" bu gün Premyer Liqanın ikinci turu çərçivəsində Qəbələ səfərinə yollanır.
Ötən tur son çempion "Neftçi" ilə oyunda göstərdiyi baxımlı oyunla yenidən futbol ictimaiyyətinin müsbət rəyini qazanan meydan sahiblərinin növbəti dəfə meydanda necə görünəcəkləri maraqla gözlənilir.
İlk turda çətin səfərdən 1 xalla qayıtmağı bacaran Elmar Baxşıyevin yetirmələri yəqin ki, bu dəfə 3 xal üçün meydana çıxacaq.
Son anda qaça-qovdu yığılan heyətdən belə start gözləmək sadəlövlük kimi görünə bilər, amma ilk turda göstərilən oyun "Qəbələ"nin hər kəsi onunla hesablaşmağa məcbur edəcəyindən xəbər verir.
Uğursuz nəticə belə Elmar Baxşıyev və yetirmələrinin ünvanına heç bir tənqid üçün yol açmayacaq. Çünki bu komandanın özünə gəlməsinə minimum 5-6 tur lazım olacaq. Ona kimi də nəticələr yaxşı olacaqsa, bu, bölgə klubu adına nə gözəl.
Amma Sənan Qurbanovun "Keşlə"si haqqında eyni şeyləri düşünmək olmaz. Ötən mövsüm ölkə kubokunun qalibi olan komanda heç bir gecikmə olmadan avrokuboklara hazırlıq üçün bir araya gəlib. Düzdü, ölkə xaricinə getmək qismət olmadı. Amma Bakıda hazırlıqlar bir gün axsama olmadan davam etdirildi.
Bundan əlavə Bakı təmsilçisi Konfrans Liqasında "Soçi" kimi rəqibə qarşı 2 oyun keçirdi. Nəticə bərbad olsa da, formaya düşmək, təcrübə artırmaq baxımından vacib görüşlər olduğunu demək olar.
Ancaq Premyer Liqanın ilk turu "Keşlə"nin formaya düşməsinə hələ çox qaldığını göstərdi. Komanda doğma meydanda "Sumqayıt"a məğlub (0-2) oldu.
"Soçi"yə məğlubiyyət rəqinin gücündən dolayı normal qarşılandısa, "kimyaçılar"a məğlubiyyət? mütləq ki, klub rəhbərliyinin canına ən yaxşı halda bir narahatlıq salıb. Bilirik ki, "Keşlə" rəhbərliyinin narahatlığı istefaya aparan yoldur.
Bu gün alınacaq ikinci məğlubiyyət Sənan Qurbanovun həmin yolunu ən yaxşı halda bir qədər də hamarlamış olacaq. Ona görə də gənc mütəxəssisin istefa qoxusu gələn Qəbələ səfərindən qələbə ilə qayıtmaqdan başqa yolu yoxdur.
Xanoğlan İmanov

