“Kəpəz”lə “Səbail” arasında baş tutan görüşdə qonaqlar erkən qol vurub yekunda böyük hesablı qələbə ilə istəyinə çatdı - 3:0.
Hesab 2:0 “dənizçilər”in xeyrinə olanda meydanda yaşanan olay çoxunun diqqətini çəkdi.
“Səbail” müdafiə olunarkən nə baş verdisə, kapitan Yusif Nəbiyevlə Adi Mehremiçin ulduzu barışmadı. Yusif Adiyə nəyisə başa salmağa çalışır, bosniyalı müdafiəçi isə əl-qol hərəkətləri ilə kapitanın dediklərinə etiraz edirdi.
İş o yerə çatdı ki, klubun baş direktoru Zamiq Hüseynov fasilədə Mehremiçə yaxınlaşıb komanda yoldaşı ilə analoji davranışın doğru olmadığını bildirib, səbrli olmağı tapşırdı.
Bosniyalı Hüseynova da etiraz edib, günah sahibi olmadığını israrla söylədi.
“Səbail”in “4 nömrə”si Sportinfo.az-a açıqlamasında məlum epizodla bağlı şərh verib:
“Ciddi bir şey deyildi. Sadəcə, oyunun həyəcanından qaynaqlanan adrenalin idi. Açığı, hakim bizi təxribata çəkdi. Qayda pozuntusu ilə məsələdə Yusiflə aramızda kiçik anlaşılmazlıq oldu.
Futbolda bu cür halları çox görmüşük. Robot deyilik ki. Bəzən emosiyalar yüksəlir, bəzən idarəetmədən çıxırıq. Bu cür hallar meydanda 1-2 dəqiqə vaxt alır.
Oyun başa çatandan sonra yenə dostuq, qardaşıq. Qələbədən sonra paltardəyişmə otağında hamımız bir-birimizi bağrına basıb qalibiyyətin sevincini yaşayırdıq.
Bu cür də davam edəcək. Uğurlu çıxışımızda komandadakı ab-havanın böyük rolu var”.
Ötən mövsüm Super Liqa təmsilçisi “İstanbulspor”un şərəfini qorumuş 31 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə “Səbail”in heyətində 5 oyunu əvəzlənmədən keçirib.
HƏBİB