Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emreli Tacikistana qarşı keçirilən yoxlama oyunundan (1:0) sonra sualları cavablandırıb.
- Qələbəni necə şərh edərdiniz?
- İndiki dövrdə rahat rəqib olmur. Bu səbəbdən biz də oyunun asan keçməyəcəyini bilirdik. Müəyyən epizodlarda səhvərimiz oldu. Xüsusən də ikinci hissədə. Bu da evdə oynamağımızdan irəli gəlirdi. Rəqib dişimizə görə idi və azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirdik. Bu səbəbdən də rəqibə təzyiq göstərəndə bəzi epizodlarda səhvlər etdik. Bu da istəkdən, qələbə arzusundan irəli gəlirdi. Təbii ki, bunların üzərində işləyəcəyik. Qarşıda bizi vacib oyunlar gözləyir. Qısa müddətdə çox vacib 3 matç keçirəcəyik. Ümid edirəm ki, hər üç matçda qələbə qazanacağıq.
- Tacikistana daha çox qol vura bilməməyimizin səbəbini nədə görürsünüz?
- Epizodlarımız oldu. Sadəcə dəyərləndirə bilmədik. Rəqib qapıçı da inamlı çıxış etdi. Bəzi zərbələrimiz bloklandı. Eləcə də meydanın vəziyyəti ideal deyildi. Təbii ki, bu, bəhanə deyil. Ümumilikdə yaxşı, kəsərli hücumlarımız oldu. Qarşıdakı oyunlarda epizodları daha yaxşı dəyərləndirəcəyimizə inanıram.
- Azarkeş sayını az olması çıxışınıza nə dərəcədə təsir göstərdi?
- Mən uşaqlıqdan millinin oyunlarına getmişəm. Yadıma gəlmir ki, azarkeşlərsiz böyük qələbə qazanaq. İstər milli, istər klub səviyyəsində. Millət olaraq emosionalıq. Gücümüzü birlikdən alırıq. Hər zaman belə olub. İstərdik qarşıdakı matçlarda fanatlar bizi dəstəkləsinlər. Azarkeşlər tribunaları dolduranda daha yaxşı oynayırıq.
- Matçın sonlarında xəsarət aldınız. Zədəniz nə dərəcədə ciddidir?
- İndi dəqiq fikir bildirmək olmur. Müayinədən keçəcəyəm.
- Millimiz ilk dəfədir ki, qısa müddətdə 4 oyun keçirəcək. Bu sıx qrafikdə qarşıdakı rəsmi matçlarda xallar götürmək mümkündür?
- Heyət genişdir. Bu rəqiblərə qarşı oynamaq olar. Həm də təqvim demək olar ki, rəqiblər üçün də eynidir. Məsələn, Litva millisi Lixtenşteynlə sabah (bu gün - red.) oynayacaq. Bu ritmdə oynayan futbolçularımız olub. Onlar yəqin bərpalarına diqqət etməyi bacarırlar. “Qarabağ”ın, “Sabah”ın futbolçuları bilirlər bu tempdə oynamaq necə ağırdır. Ümid edirəm ki, problem olmayacaq.
- Hazırda “Rakuv”da çox yaxşı çıxış edirsiniz. Gələcəkdə istəyiniz Polşada qalmaqdır, yoxsa daha yüksək səviyyəli klublara üz tutmağı düşünürsünüz?
- Anı yaşamağı düşünürəm hazırda. Polşada xoşbəxtəm. Komandada mənə qarşı diqqət göstərirlər, sağ olsunlar. Məni orada çox yaxşı qəbul etdilər. Onun nəticəsidir ki, özümü yaxşı tərəfdən göstərirəm. Düzdür, nəticələr ürəkaçan deyil, sonuncu pillədəyik. Məşqçimiz yenidir. Düşünürəm ki, bu tempdə davam etsək, vəziyyət düzələcək. Baş məşqçi dəyişikliyi oldu. Yeni məşqçi yeni qan, yeni sistem deməkdir. İnanıram ki, tez bir zamanda onun istəklərini yerinə yetirəcəyik və lazımi nəticələri qazanacağıq.
