Millidə yeni “10 nömrə”

10:40 Milli komanda 234
Millidə yeni “10 nömrə”

Azərbaycan millisi Ayxan Abbasovun rəhbərliyi altında növbəti sınaq oyununa çıxdı.

Millətlər Liqasında start götürəcək əsas mərhələ öncəsi son yoxlama matçında Tacikistanı 1:0 hesabı ilə məğlub etdik.

Yeganə qol ikinci hissədə vuruldu: Toral Bayramovun zərbəsindən sonra rəqibin qapıçısı Oleq Baklov topu öz qapısına göndərdi.
Komandamız meydana qarışıq heyətlə çıxdı. Ayxan Abbasov əvvəlcədən bildirmişdi ki, millini qarşıda qısa müddət ərzində ardıcıl dörd oyun gözləyir və bu səbəbdən rotasiyaya ehtiyac olacaq. Baş məşqçi həm əsas futbolçuların yükünü nəzərə alıb, həm də yeni oyunçuları yoxlamaq məqsədi güdüb.
Start heyətində Emil Balayev, Rəhman Daşdəmirov, Rahil Məmmədov, Tellur Mütəllimov, Elvin Bədəlov, Toral Bayramov, Abdulla Xaybullayev, Emin Mahmudov, Aleksey İsayev, Rəhim Sadıxov və Musa Qurbanlı yer alıb.
Millimiz ilk hissədə topa nəzarəti müəyyən qədər özündə saxlasa da, hücumların son mərhələsində tələb olunan dinamikanı tam ortaya qoya bilmədi. Tacikistan kompakt müdafiə ilə oynayaraq, mərkəzi bağlamağa və bizimkiləri daha çox cinahlara yönəltməyə çalışdı.
Ayxan Abbasovun seçdiyi strukturda Rəhim Sadıxovun rolu xüsusilə diqqət çəkdi. Sadıxov hücum xəttində Musa Qurbanlıya yaxın yerləşərək, pressinq zamanı ikinci hücumçu funksiyasını yerinə yetirirdi. Komandamız topa sahib olduqda isə Sadıxov daha geriyə çəkilərək, “10 nömrə” mövqeyinə keçir və hücumun qurulmasında iştirak edirdi.
Abbasov oyundan sonra bu seçimin məhz taktiki model ilə bağlı olduğunu bildirdi. Pressinq zamanı komandanın iki hücumçu ilə oynadığını, top bizdə olarkən isə Sadıxovdan daha çox “10 nömrə” kimi istifadə etmək istədiklərini dedi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!