Azərbaycanın ən "şirin" klubu – Boş-boş vədlər, yoxsa..?

16 May 2022 09:40 Səbail 1 086
Azərbaycanın ən "şirin" klubu – Boş-boş vədlər, yoxsa..?

«Səbail» mövsümün son turlarını uduza-uduza yaya hazırlaşır.

Düşüncələrində yalnız gələn «futbol ili»nin planları var.

Hələlik avazları yaxşı gəlir. Üç il ortalıqdan qeyd olmuş sponsorlar birdən-birə peyda olub ki, bəs biz də varıq.

Nə deyiblər, nə vəd veriblərsə, komandanın ayağı yerə dəymir. Pul söhbəti ortalığa çıxandan bəri məğlubiyyətlərin ardı-arası kəsilmir.

Bu futbolçular elə bilirlər ki, vəziyyət belə gəlib, belə də gedəcək. Day orasını ağıllarına vurmurlar ki, hesabat-kitabda onların əksəriyyətinin adı qırmızı hərflərlə qeyd olunmayıb.

Müqaviləsinin müddətini 1 il daha uzadan Aftandil Hacıyevə tövsiyə edərdim ki, «yuxarı»dakılara bir o qədər inanmasın, ehtiyatlı olsun. Axı ehtiyat igidin yaraşığıdır.

Neçə ildir burada əziyyət çəkir, iynə ilə gor eşir, Fərəc Əliyev kimi sözünün əvvəli ilə axırını düz gətirə bilməyən birinin idman direktoru olduğu klubda özünü bunca rahat hiss eləməsin.

Çərxi-fələk də «Səbail»in arxasındakılarının ipinin üstünə odun yığa bilmir, verdikəri şirin vədlərin həyata keçməsini gözləməlidir o.

Ay nə bilim, büdcə artımı, keyfiyyətli transferlərin edilməsi, rəqabətədavamlı komandanın formalaşdırılması - bunlar xoş arzularıdır, Allah eləsin, vəd olaraq havadan asılıb qalmasın.

Sponsor bir dəfə gəlib komanda üzvlərinə 1500 manatdan mükafat paylayıbsa, əmin olmaq olmaz ki, yayda görülməsi gərəkən işlər yağ kimi gedəcək.

Hacıyev bu klubda daha nələr görməyib, nələrin iştirakçısı və şahidi olmayıb ki… Bir dastan bağlamağa yetəcək qədər hadisə ilə üz-üzə qalıb.

1 ilin içində çəkilən zəhmətə, ilk dəfə Premyer Liqanın bürünc medalını qazanmasına və yenə ilk dəfə avrokuboklarda iştirak etməsinə baxmayaraq, bir gecənin içində dağıdılan heyətlə, dəfələrlə azaldılmış büdcə ilə çölün düzündə tək buraxılmış binəvadır o.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti