Baş məşqçi Ayxan Abbasov millini gəncləşdirməkdə davam edir.
45 yaşlı çalışdırıcının bu dəfəki toplanışa dəvət etdiyi futbolçular arasında dörd debütant var – Ramin Mirzəmmədov, Edqar Adilxanov, Oruc Məmmədov və Fərid Yusifli.
Əvəzində, əvvəlki toplanışlarda yığmada görməyə alışdığımız bir neçə futbolçu kənarda qalıb.
Onlardan biri də “Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadədir.
25 yaşlı futbolçu Sportinfo.az-a açıqlamasında Azərbaycan yığmasından kənar qalması ilə bağlı hislərini bölüşüb:
“Millidən kənardan qalmağım kədərli və üzücüdür. Çox istərdim ki, yığma komandanın sıralarında olum.
Düzünü desəm, dəvət olunacağımı gözləyirdim. Amma belə alındı.
Baş məşqçinin qərarıdır, bir söz deyə bilmərəm. Ayxan müəllimə hər bir halda təşəkkür edirəm. Çağırsa da, çağırmasa da.
Gizlətmirəm, buna çox üzüldüm. Ayxan Abbasovun dönəmində ilk dəfə dəvət almadım.
Səbəb? Bəlkə də “Sumqayıt”ın son pillələrdə olması qərara təsir edib. Bəlkə də qol vurmamağım səbəbdir. Sualın cavabını baş məşqçi daha yaxşı bilər.
İstənilən halda komandamızın oyunlarını izləyib, azarkeşlik edəcəyəm. Bu, milli üçün həssas dönəmdir. Allahın izni ilə nəticələr ürəkaçan olar”.
2021-ci ildən Azərbaycan millisinin şərəfini qoruyan Rüstəm Əhmədzadə geridə qalan 5 il ərzində 18 oyunda meydana çıxmaqla 1 qola imzasını yazdırıb.
