"Milli ilə bağlı elə şeylər var ki, əlimizdə deyil" - MÜSAHİBƏ

19:00 Müsahibə 121
"Milli ilə bağlı elə şeylər var ki, əlimizdə deyil" - MÜSAHİBƏ

"İmişli" Premyer Liqanın 6-cı turunda “Sabah”a 1:3 hesabı ilə məğlub oldu.

Bölgə klubunun mərkəz müdafiəçisi Bəxtiyar Həsənəlizadə Sportinfo.az-a müsahibə verib.

– Oyun necə keçdi?

– Bizim üçün ağır oyun keçdi. Belə olacağını bilirdik. “Sabah”ın gücü hər kəsə məlumdur. Amma meydana məğlub olmaq üçün çıxmamışdıq. Özümüzə xallar lazımdır. İlk qola qədər epizod verməmişdik. Uzaqdan zərbələrlə iki qol buraxdıq. Bundan sonrası bizim üçün daha çətin oldu. Belə qollar buraxmaq planlara daxil deyildi. Bəlkə daha yaxşısını etmək olardı. Amma əlimizdən gələni meydanda qoyduq.

– Son dəqiqələrdə bərabərlik qolu üçün bütün komanda irəli getdi. Oyundan öncə “Sabah”dan xal almağa inam var idi?

– “Neftçi” ilə oyunda da göstərdik ki, güclü rəqiblərdən xal ala bilərik. Bu gün də son dəqiqələrdə bərabərlik şansımız vardı. Hamımız buna görə irəli atılmışdıq. Amma əks-hücumdan sonra qapımızda qol gördük.

– Arxada qalan 6 turu ümumilikdə “İmişli” üçün necə dəyərləndirirsən?

– Xal baxımından tam uğurlu adlandırmaq olmaz. Amma oyunumuzda irəliləyiş var. Komanda şəklində inkişafımız göz önündədir. Daha yaxşı olacağımıza inanıram.

– Sabit çıxış edən yerli oyunçulardansan. Amma milli komandanın 30 nəfərlik geniş heyətində yer almadın. Belə olacağını normal qarşıladın, yoxsa siyahıda adını görməyəndə təəccübləndin?

– Məşqlərdə özümüzü yaxşı tərəfdən göstərməyə çalışırıq. Məqsəd klubda əsas heyətə düşmək və yaxşı çıxış edərək milli komandaya dəvət almaqdır. Açığı, milli komandaya dəvət alacağımı gözləyirdim. Kənarda qalmaq mənim üçün təəccüblü oldu. Öz üzərimə düşəni maksimum etməyə çalışmışam. Niyə dəvət alınmamışam? Bu sualların cavabı məndə deyil. Elə şeylər var ki, bizim əlimizdə deyil. Futbol baxımından lazım olan hər şeyi meydanda göstəririk.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti