“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas yetirmələrinin üzünü güldürüb.
Litvalı çalışdırıcı komanda üzvlərinə uzun müddətli istirahət imkanı yaradıb.
Premyer Liqanın digər komandalarına 4-5 günlük fasilə verilsə də, “Sabah”da bu müddət 7 gün təşkil edir.
Sentyabrın 19-da “İmişli” ilə oyundan sonra istirahətə buraxılan futbolçular bir də sentyabrın 27-də bir araya gələcək.
Milli komandalara dəvət alan futbolçular təbii ki, tər tökməli olacaqlar. Digərləri isə fürsətdən istifadə edib vaxtını ailəsi və doğmaları ilə keçirəcək. Mövsümün qaynar vaxtında bu imkan onlar üçün göydəndüşmə olub.
“Tələbələr” fasilə dönəmində yoxlama matçı keçirməyəcək. Əsas diqqəti məşq prosesinə ayıracaq Dambrauskas vacib oyunlar öncəsi futbolçuları zədə riskinə atmaq istəmir.
“Sabah” növbəti görüşünü oktyabrın 9-da “Neftçi”yə qarşı keçirəcək.
Premyer Liqanın 7-ci turu çərçivəsində “Palms Sports Arena”da baş tutacaq matçın start fiti saat 19:30-da çalınacaq.
Bundan 4 gün sonra isə Çempionlar Liqasının Liqa mərhələsində Bakıda “Slaviya Praqa”nı qəbul edəcək.
HƏBİB / SPORTİNFO.AZ
