“Şamaxı” VI turda doğma meydanda “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub etdi.
Görüşün bütün qolları ilk hissədə vuruldu.
Rikardo Apolinario 27-ci və 36-cı dəqiqələrdə penaltidən fərqlənərək dublunu rəsmiləşdirdi. “Araz-Naxçıvan”ın yeganə qolu isə 32-ci dəqiqədə Ağadadaş Salyanskidən gəldi.
Salyanski bununla ardıcıl üçüncü oyundur rəqib qapılarına yol tapır. Qarşılaşmada onun ikinci qola da yaxın olduğu, lakin zərbəsinin dirəkdən döndüyünü xatırladaq.
Əsas mübahisəli məqamı “Şamaxı”nın qazandığı iki penalti oldu. “Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov penaltilərdən yalnız biri ilə razılaşmadığını bildirib.
Onun sözlərinə görə, ilk penalti mübahisəli olub. Baş hakim əvvəlcə qərar verib, daha sonra VAR müdaxiləsindən sonra epizoda uzun müddət baxıb.
İsmayılov hesab edir ki, burada qapıçının topa ilk müdaxiləsindən sonra ikinci təmasın olub-olmaması araşdırılıb. İkinci penalti ilə bağlı isə o, qərarın doğru olduğunu deyib.
Bu baxımdan oyunun nəticəsini yalnız penaltilərlə izah etmək düzgün olmaz. İsmayılovun özünün də vurğuladığı kimi, hər iki epizoddan əvvəl komandasının müdafiəsində kobud səhvlər olub.
“Şamaxı”nın baş məşqçisi Azər Bağırov qarşılaşmanı çətin və emosional oyun kimi qiymətləndirib. O, “Araz-Naxçıvan”ın daha çox hücum edəcəyini əvvəlcədən gözlədiklərini bildirib.
Bağırovun sözlərinə görə, komandanın əsas problemlərindən biri yaratdığı qol imkanlarından tam istifadə edə bilməməsidir. O, həmçinin müdafiə və hücumda daha səlist futbol oynamaq üzərində işləyəcəklərini qeyd edib.
Baş məşqçi xüsusilə komanda daxilindəki birlik və ehtiyat oyunçuların dəstəyini qələbənin əsas amillərindən biri kimi göstərib.
Onun fikrincə, “Şamaxı”nın ən güclü tərəflərindən biri məhz kollektiv daxilindəki motivasiya və bir-birinə dəstəkdir.
SPORTİNFO.AZ
