Milli komanda əsas dayaqlarından birini tamamilə itirmək təhlükəsi ilə üz-üzədir.
Söhbət "Qarabağ"ın yerli oyunçularının tamamilə yoxa çıxmasından gedir.
Baş məşqçi Ayxan Abbasov yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə keçiriləcək oyunlara 30 futbolçu dəvət edib.
Siyahıda cəmi 2 “Qarabağ” futbolçusunun olması diqqətdən yayınmır.
Açığı, bu, heç də xoş mənzərə deyil.
Son illərdə milli komandanın heyəti açıqlananda “Qarabağ”lı adı siyahıda kifayət qədər çox görünürdü.
Bəzən Ağdam təmsilçisindən 10-12 futbolçu milliyə dəvət alır, onların 7-8-i hətta əsas heyətdə meydana çıxırdı.
İndi isə mənzərə tamam başqadır.
30 nəfərlik geniş heyətdə belə cəmi iki “Qarabağ”lı futbolçu var.
Təbii ki, qısa müddətdə bu cür seyrəlmənin arxasında legioner limitinin ləğvi dayanır.
Milli komanda adına çox düşündürücü məqamdır.
Çünki söhbət təkcə bir klubdan yox, Azərbaycan futbolunun əsas dayaqlarından birinin milli komandadakı çəkisindən gedir.
Hər ötən gün həmin dayaq tamamilə sıradan çıxmağa doğru gedir.
XANOĞLAN/ SPORTİNFO.AZ
