“Çempionlar Liqası narkotikdir, adam əl çəkmək istəmir”

21:20 Sabah 109
“Çempionlar Liqası narkotikdir, adam əl çəkmək istəmir”

“Sabah”ın heyətində Çempionlar Liqasında inamlı oyun Timoteuş Puxaç kimi, Stas Pokatilovu da milli komandaya qaytardı.

Sonuncu dəfə yığma formasında ötən ilin iyununda Belarus seçməsi ilə yoxlama matçında şans qazanan təcrübəli qapıçı o vaxtdan bu yana kənarda qalmışdı.

“Bayquşlar”ın Avropanın bir nömrəli klub turnirində xoş təsir bağışlaması Stasa yenidən Qazaxıstan millisinin şərəfini qorumaq imkanını qazandırdı.

Pokatilov yığmanın düşərgəsinə qoşulan kimi yerli federasiyanın mətbuat xidmətinə müsahibə verib.

-Necəsiniz? Özünüzü necə hiss edirsiniz?

- Hər şey yaxşıdır, əhvalım da əladır. Milliyə qayıtdığıma görə xoşbəxtəm.

- Dəvəti eşidəndə hansı hisləri keçirdiniz?

- Həmişə demişəm, yenə təkrar edirəm, millinin sıralarında olmaq tam başqa hisdir. Hər bir futbolçu üçün xoşbəxtlikdir.

- Millidəki komanda yoldaşların üçün darıxmısınız?

- Əlbəttə. İndi gedirəm hamı ilə görüşüb-danışmağa.

- Çempionlar Liqası barədə soruşmasam olmaz. Orada olmaq necədir?

- Sözlə ifadə edə bilməyəcəyim qədər xoş və qürurvericidir. Çempionlar Liqası – bu, həqiqətən möhtəşəmdir. Güclü komandalar, fantastik stadionlar, nəfəskəsən oyunlar. Çempionlar Liqası narkotik kimidir. Təbii ki, yaxşı mənada. Adam oradan əl çəkmək istəmir.

- “Old Trafford”da atmosfer necəydi?

- İnanılmaz dərəcə əla atmosfer var idi. Adam yenidən təkrarlanmasını istəyir. Ancaq bu, mümkün deyil. İndi isə növbəti oyunu səbrsizliklə gözləyirik.

- İlk qazaxıstanlı futbolçusunuz ki, Avropanın hər üç turnirində - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında oynamısınız. Özünüzlə fəxr edirsiniz?

- Bilmirəm. Bəlkə də indi bunu tam hiss etmirəm, tam qəbul etmirəm. Bəlkə də karyeramı başa vurandan sonra nəvələrimə danışacağam.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti