5 il əvvəl cavabsız qalan mesajın cavabı Bakıda verildi - FOTO

16:40 Sabah 152
5 il əvvəl cavabsız qalan mesajın cavabı Bakıda verildi - FOTO

Futbol həqiqətən də böyük bir dünyadır.

Özündə saysız-hesabsız maraqlı hadisələri, gözlənilməz təsadüfləri və illər sonra gerçəkləşən arzuları birləşdirir.

Bəzən elə hadisələr yaşanır ki, futbolun yalnız meydandakı mübarizədən ibarət olmadığını bir daha anlayırsan.

Bunun şahidi olmaq üçün “Sabah”ın futbolçusu Timoteuş Puxaçın “instagram” hesabında etdiyi paylaşımına diqqət yetirmək kifayətdir.

Belə ki, 2021-ci ilin iyulunda Polşanın “Lex” klubundan Almaniya təmsilçisi “Union Berlin”ə transfer olunan Puxaçın başına maraqlı hadisə gəlib.

Həmin vaxt cəmi 17 yaşı olan Viktor Novak adlı gənc futbolçu polşalı müdafiəçinin “instagram” hesabına yazaraq ondan formasını istəyib. Lakin Puxaç o zaman bu mesaja cavab verməyib və gənc futbolçunun istəyini yerinə yetirə bilməyib.

Aradan 5 il keçib. İndi isə taleyin maraqlı oyununa baxın.

Puxaçla Novak artıq Polşa futbolunda yolları kəsişən, eyni milli komandada yer alan futbolçulardır. Üstəlik, oktyabrın 13-də onlar Bakı Olimpiya Stadionunda bu dəfə Çempionlar Liqasında rəqib kimi meydana çıxıblar.

Viktor Novak “Slaviya”nın, Timoteuş Puxaç isə “Sabah”ın formasını geyinib.

Oyundan sonra isə 5 il əvvəl yarımçıq qalan hekayənin xoş sonluğu yaşanıb. Puxaçla Novak formalarını bir-biri ilə dəyişiblər.

“Sabah”ın müdafiəçisi həmin anın fotosunu sosial şəbəkə hesabında paylaşaraq bu sözləri yazıb:

“Təəssüf ki, formanı göndərmək imkanım yoxdur, amma Çempionlar Liqasında formalarımızı dəyişə bilərik”.

Bəli, futbol belədir. İllər əvvəl sosial şəbəkədə göndərilən bir mesaj, cavabsız qalan bir istək və 5 il sonra Bakı Olimpiya Stadionunda gerçəkləşən arzu…

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti