Adı başlıqda yoxdur, imzası qələbədədir – Tarixi zəfərin adamı!

21:20 Sabah 108
Adı başlıqda yoxdur, imzası qələbədədir – Tarixi zəfərin adamı!

“Sabah” Çempionlar Liqasının Liqa mərhələsində tarixi - ilk qələbəsini qazandı.

Təsnifat mərhələsində keçirdiyi 8 oyundakı nəticələrlə ümid verən Azərbaycan çempionunun əsas mərhələdə də qələbə qazanacağına inam var idi.

“Slaviya Praqa”nın “Sabah” üçün münasib rəqib olması da bu ümidləri artırırdı.

Amma məsələ təkcə rəqibin münasibliyində deyildi. “Sabah” qələbəni meydanda öz oyunu, intizamı və düzgün taktiki yanaşması ilə qazandı.

Düzdür, Çexiya nəhəngindən daha artığını gözləyirdik. Son illərdə ölkəsində çempionluqları bayram edən, avrokuboklarda zəngin təcrübəyə malik komandanın imkanları kifayət qədər genişdir.

Üstəlik, çexlər yaxın keçmişdə həm Avropa Liqasının, həm də Konfrans Liqasının 1/4 final mərhələsinədək irəliləməyi bacarıb. Bu amilləri nəzərə alsaq, qarşılaşma öncəsi “Slaviya”nı favorit saymaq olardı.

Matçın gedişi də rəqibin gücündən xəbər verirdi. Topa nəzarət əsasən çexlərin tərəfində idi. Qol imkanları baxımından da yetərincə şans qazandılar. Bəzi epizodlarda Stas Pokatilov, bəzi məqamlarda isə müdafiəçilərimiz inamlı oyunu ilə rəqibə mane olmağı bacardı. Danmaq olmaz, bəxtimizin gətirdiyi anlar da oldu.

Lakin futbolda yalnız topa sahib olmaq və daha çox qol imkanı yaratmaq kifayət etmir. Əsas məsələ həmin imkanlardan necə istifadə etməkdir.

“Sabah” sanki pusquda dayanmış ovçu təsiri bağışlayırdı. Şikarını gözləyir, həyəcanlanmır, kor-koranə hücumlara atılmırdı. Müdafiə və orta sahədə intizamı qoruyur, rəqibin boşluq verməsini gözləyirdi. Fürsət yaranan kimi isə hücuma atılırdı.

İlk qol məhz bu planın nəticəsi idi. İkinci qol da rəqib müdafiəsinin yol verdiyi boşluqdan yararlanmaqla baş verdi. Beləliklə, “Sabah” ikinci qolu ilə matçın yekun nəticəsini müəyyənləşdirdi.

Bu qələbədə Valdas Dambrauskasın əməyini xüsusi qeyd etmək lazımdır. Litvalı mütəxəssis həm start heyətinin seçimində, həm oyun planının qurulmasında, həm də qarşılaşmanın gedişində etdiyi əvəzetmələrdə düzgün qərarlar verdi.

Komanda yaxşı təşkilatlanmışdı, hansı anda nə etməli olduğunu bilirdi. Rəqibin üstün tərəflərini zərərsizləşdirmək və yaranan fürsətlərdən yararlanmaq üçün konkret plan var idi.

Dambrauskasın adı yazının başlığında olmasa da, imzası qələbədədir.

Əlbəttə, belə qələbədə hər kəsin payı var. Futbolçuların intizamı, qapıçının inamlı oyunu, müdafiəçilərin mübarizəsi və məşqçinin düzgün qərarları bir-birini tamamladı.

“Sabah” Çempionlar Liqasındakı debüt mövsümündə Liqa mərhələsinə yüksəlməklə artıq tarix yazmışdı. İndi isə ilk qələbəsini qazanmaqla bu uğurun təsadüf olmadığını göstərdi.

Məncə, “Sabah”ın öz qarşısına daha böyük hədəflər qoyması üçün əsas var. Komanda bu oyun planını davam etdirə, sabitliyini qoruya bilsə, növbəti qarşılaşmalarda da sürpriz nəticələrə imza ata bilər.

Hətta uğurlu nəticələr seriyası davam edərsə, ötən mövsüm “Qarabağ”ın bacardığını təkrarlamaq və Liqa mərhələsini ilk 24 komanda sırasında başa vurmaq xəyalı gerçəyə çevrilə bilər.

Bunun üçün hələ qarşıda çətin oyunlar var. Amma “Sabah” “Slaviya” ilə görüşdə göstərdi ki, Çempionlar Liqasında yalnız iştirak etməyə yox, nəticə qazanmağa gəlib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti