Premyer Liqada qalmaq uğrunda mübarizə gərgin getmir bu il.
I Liqaya yuvarlanmaq naminə amansız mücadilənin izləyicisiyik.
«Araz-Naxçıvan»la «Qəbələ»nin timsalında. İki əyalət klubu arasında «rəqabət» güclənib. Kim daha tez aşağı liqaya düşəcək deyə.
Hələlik bu ikili arasında hansı birinin favorit olduğunu iddia etməyə tələsməyək. Belə görünür ki, istər «Qəbələ», istərsə də «Araz» məlum «məqsəd»inə çatmaq yolundan tez dönənə oxşamır.
Nə deyirik, klub onların, ad onların, xəcalət də onların. «Qəbələ» Şimali Makedoniyadan Yeton Bekirini də tutub gətirdi, hələ düzələnə oxşamır.
Kaxaber Sxadadzenin vaxtında həyata keçirilən yanlış transfer siyasəti yeni baş məşqçinin indi yediyini zəhərə döndərib
. Bəlkə də artıq anlayıb ki, bu legionerlərin əksəriyyəti komandanı gücləndirmək niyyəti ilə gətirilməyib.
Fikir başqa olub - cib nə qədər tez böyüyərsə, basılmaz «Qəbələ»! Öz aramızdır, görünən kəndə nə bələdçi?
Bekiri iki oyuna çıxıb, ikisini də udub. Və hər iki məğlubiyyəti müdafiə xəttində yol verilən fərdi səhvlərin çoxluğu ilə əlaqələndirib.
Adam çox zarafatcıldır. Sir-sifətindən zəhm yağsa da, əslində, baməzə biridir.
Nədən bu qənaətdəyəm?
Makedoniyalı hoca arxa xətt oyunçularını elə bərkdən qınayır ki, sanki hücumçuları öz üzərinə düşən missiyanı yerinə yetirə, qol vura bilir.
«Sumqayıt» və «Sabah»dan üst-üstə 8 qol «yeyib», əvəzində 1 qol vuran komandanın baş məşqçisi özünə hörmət etsəydi, daha ciddi problemləri qabardardı, səhv yerə gəldiyini dilucu eşitdirərdi.
Guya, «Qəbələ»də hər iş düz görülüb, bircə saqqal darağı çatmır.
KAMİL
