“Qəbələ”nin hücumçusu İsmaheel Akinade başını dərdə salıb.
Nigeriyalı hücumçu “instagram” hesabında paylaşdığı fotoda orta barmaq jesti ilə gündəmə gəlib.
Qəbələli azarkeşlər futbolçunun paylaşımına sərt reaksiya verib. Əksəriyyət onu qol vurmamaqda seçlayıb, “Qəbələ”yə fayda vermədiyini bildirib.
İsmaheelin paylaşımın rəy bölməsində yerli tərəfdarlardan biri ilə mübahisə etdiyini və azarkeşi üzbəüz görüşə dəvət etdiyini xəbər vermişdik.
Bununla kifayətlənməyən 32 yaşlı forvard daha bir izləyiciyə sərt reaksiya verməyi özünə borc bilib.
Memmedov_099_n adlı istifadəçi Akinadenin “orta barmağına” bu cür şərh bildirib:
“Kaş burada vaxt keçirdiyiniz qədər futbola da vaxt ayırardınız”.
Bir neçə dəqiqədən sonra futbolçu ona cavab verib:
“Park Market” (Qəbələnin mərkəzində, futbolçuların tez-tez baş çəkdiyi tanınmış marketdir – H.) işçi axtarır. Get bir işə düzəl. Görünür, işin-gücün yoxdur, ona görə də gəlib mənim paylaşımımın altında boş-boş danışırsan. Eybi yox, söz azadlıqdır”.
Akinadenin bu cür davranışlarını, azarkeşlərə münasibətini görəndən sonra “Qəbələ”nin niyə bu vəziyyətdə olduğunu müəyyən etmək çətin deyil.
İzləyicilər dünya ulduzlarının ünvanına belə, ən xoşagəlməz sözlər yazanda onlara heç bir reaksiya verilmir.
Hücumçu olan kəs qol imkanlarını sağa-sola xərclədiyi halda, sosial şəbəkələrdə Azərbaycan üçün qeyri-etik görünən jestlərdən istifadə edirsə, azarkeşin sərt təpkisi ilə üzləşəcəyini göz önünə almalıdır.
Görünür, Akinade boy-buxununun futbolda bir işə yaramadığını görüb azarkeşlərlə əlbəyaxa dava etməyi özünə çıxış yolu seçib. Ya da, Qəbələdəki bekarçılıqdan başını itirib, nə danışdığının, nə yazdığının, nə etdiyinin fərqində deyil.
HƏBİB / SPORTİNFO.AZ
