"Qəbələ" heç cür toparlana bilmir.
Yeni baş məşqçi Bekiri də bölgə klubunun dərdinə məlhəm ola bilmədi.
Onun başçılığı altında komanda "Sumqayıt"a darmadağın oldu - 1:4.
Qarşıdan isə son çempion "Sabah"la matç gəlir.
"Bayquşlar" hazırda çox ağır qrafikdə çıxış edir.
Çempionlar Liqasında "Slaviya"nı məğlub edən Valdas Dambrauskasın komandasını 20 oktyabr "Borussiya - D" səfəri gözləyir.
Görəsən, bu ağır qrafikdə olan rəqibdən xal almaq mümkün olacaq, yoxsa "qırmızı qaralar" həmin gücdə deyil?
Sportinfo.az-a açıqlama verən "Qəbələ"nin isveçrəli forvardı Kərim Rossi bunları dedi:
"Qarşıdakı rəqibimiz son çempion “Sabah”dır. Bizi çox çətin oyun gözləyir. Ümumiyyətlə, oyun təqvimimiz elə də əlverişli deyil.
Amma bu çempionatda hər şey mümkündür. Bunu cari mövsümdə də görmüşük. Ən son “Şamaxı”nın “Zirə” ilə oyunda xal qazandığının şahidi olduq.
İnsanların gözləntiləri ola bilər, amma futbolda hər şeyi meydandakı nəticə müəyyənləşdirir.
Premyer Liqada hər an hər şey baş verə bilər. Elə buna görə də bu çempionatı sevirik.
Baxaq, görək necə olacaq. Oyuna yaxşı hazırlaşacağıq. “Sabah” əla komandadır və onların da çox çətin təqvimi var.
Görək, ötən mövsüm “Qarabağ”ın başına gələnlər bu dəfə də təkrarlanacaqmı. “Qarabağ” Çempionlar Liqasındakı oyunlara görə çempionatda çox enerji itirmişdi. Görəcəyik, vəziyyət necə olacaq. Bizi, şübhəsiz ki, çətin oyun gözləyir".
XANOĞLAN/ SPORTİNFO.AZ
